media-inshot_20260522_162537287

Parkda, kafedə və ya ticarət mərkəzində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Çünki bu tip şəbəkələr açıq mühitdə fəaliyyət göstərir. Yəni eyni anda onlarla, bəzən isə yüzlərlə insan eyni şəbəkədən istifadə edir və bu da risk ehtimalını artırır.

Bəs şəxsi məlumatlarımızı qorumaq üçün hansı qaydalara əməl etməliyik?

Patrul.az-ın araşdırmasına görə, ictimai Wi-Fi şəbəkələri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar kafedə oturarkən sosial şəbəkələrə daxil olur, parkda videolara baxır, ticarət mərkəzində isə bank tətbiqlərindən istifadə edir. Rahat görünən bu xidmətin arxasında isə ciddi təhlükələr gizlənə bilər. Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edir ki, qorunmayan şəbəkələr kibercinayətkarlar üçün “açıq qapı” rolunu oynayır.

Ən böyük risklərdən biri saxta Wi-Fi şəbəkələridir. Məsələn, istifadəçi “Cafe_Free_WiFi” adlı şəbəkəyə qoşulduğunu düşünür, amma əslində həmin şəbəkə kiberdələduz tərəfindən yaradılıb. Bu üsul “evil twin” adlanır. İstifadəçi həmin şəbəkəyə daxil olduqda yazdığı şifrələr, kart məlumatları və şəxsi yazışmalar üçüncü şəxslərin əlinə keçə bilər.

Digər təhlükə isə məlumatların şifrələnmədən ötürülməsidir. Əgər sayt və ya tətbiq təhlükəsiz bağlantıdan istifadə etmirsə, eyni şəbəkədə olan biri məlumat axınını izləyə bilər. Xüsusilə köhnə və ya qorunmayan saytlar bu baxımdan daha risklidir. Buna görə brauzerdə “https” işarəsinə diqqət yetirmək vacibdir. O balaca kilid işarəsi bəzən düşündüyümüzdən daha çox şey xilas edir.

Mütəxəssislər ictimai Wi-Fi istifadə edərkən bir neçə əsas qaydaya əməl etməyi tövsiyə edir.

İlk növbədə, açıq şəbəkələrdə internet bankçılığı və ya onlayn alış-veriş kimi həssas əməliyyatlar aparmaq məsləhət görülmür. Əgər vacibdirsə, mobil internetdən istifadə etmək daha təhlükəsiz seçim sayılır. Telefon operatorlarının şəbəkələri adətən daha yaxşı qorunur.

VPN xidmətlərindən istifadə də təhlükəsizliyi artırır. VPN məlumatları şifrələyərək onları üçüncü şəxslərdən gizlədir.

Bundan əlavə, cihazlarda avtomatik Wi-Fi qoşulması funksiyasını söndürmək vacibdir. Çünki telefon və ya noutbuk əvvəllər qoşulduğu şəbəkəyə avtomatik bağlana bilər və istifadəçi bunu hiss etməyə bilər. Kiberdələduzlar da məhz bundan yararlanır.

İki mərhələli doğrulama sistemi də əlavə müdafiə yaradır. Hətta şifrəniz oğurlansa belə, hesabınıza daxil olmaq üçün əlavə təsdiq tələb olunur. Bu üsul xüsusilə sosial şəbəkələr və elektron poçt hesabları üçün böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər proqram təminatlarının və antivirus sistemlərinin yenilənməsini də vacib hesab edir. Çünki köhnə sistemlər kibercinayətkarlar üçün daha asan hədəfə çevrilir. Telefonun “yenilə” bildirişini günlərlə görməzdən gəlmək bəzən təhlükəyə çağırışdır.

Rəqəmsal dünyada təhlükəsizlik artıq yalnız İT mütəxəssislərinin problemi deyil. Smartfonu olan hər kəs potensial hədəfdir. Pulsuz Wi-Fi rahatlıq gətirsə də, ehtiyatsız istifadə şəxsi məlumatların oğurlanması, hesabların ələ keçirilməsi və maddi zərərlə nəticələnə bilər. İnternetə qoşulmaq bir neçə saniyə çəkir, amma itirilən məlumatları geri qaytarmaq bəzən mümkün olmur.

Ləman Sərraf


Bənzər xəbərlər