Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı səfiri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Patrulaz.az xəbər verir ki, görüş zamanı Azərbaycan və İran arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi müstəvidə tarixi əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Şeyxülislam yeni təyin olunan səfirə fəaliyyətində uğurlar arzulayıb.
QMİ sədri qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Xankəndidə keçirilən Zirvə görüşü iki ölkə münasibətlərində mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir. Onun sözlərinə görə, bu görüşlər Azərbaycan-İran əlaqələrinin müsbət istiqamətdə inkişafına və əməkdaşlığın dərinləşməsinə təkan verəcək.
Səfir Müctəba Dəmirçilu isə öz növbəsində Şeyxülislam Allahşükür Paşazadəyə İranda keçiriləcək beynəlxalq konfransa dəvət məktubunu təqdim edib. O, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Peyğəmbərimizin mövludunun 1500 illiyinə həsr olunacaq tədbirlə bağlı məlumat verib.






