media-dwfxm2youosawejb7ojgnopyz_mvgru_togpjb9k0cimi_y3vfdrnokerj1zai2zzojqnznsmxidnuyv9p1ddh7lde1rxpagtn75-vpyv4dgbxkcxmrehuaexfpyzbka8moyzyyq3ygmvxpg7nkkdyeoo5y3a0r_pqkxvnhuc92os0xp1w19oxsxcyryjqae

Şifrəni oğurlayanda dəyişmək mümkündür, amma üzümüzü və ya barmaq izimizi dəyişə bilmirik. Məhz buna görə biometrik məlumatların oğurlanması kiber təhlükəsizlik sahəsində ən ciddi risklərdən biri hesab olunur. Bəs üzümüzü dəyişməyin mümkün olmadığı bir vəziyyətdə insan özünü necə qoruya bilər? Bunun alternativ həlləri varmı? 

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, üz və barmaq izi insanın dəyişməyən xüsusiyyətləri olduğundan, onların qorunması adi şifrələrdən daha böyük əhəmiyyət daşıyır:

“Şifrə oğurlandıqda onu dəyişmək mümkündür, lakin biometrik məlumatlar üz görüntüsü, barmaq izi, göz bəbəyi və digər bioloji xüsusiyyətlər – insanın ayrılmaz hissəsidir və onların dəyişdirilməsi mümkün deyil. Bu səbəbdən biometrik məlumatların sızması adi şifrə oğurluğundan daha ciddi risk yaradır.

Bu təhlükədən qorunmağın əsas yolu biometrikanı tək təhlükəsizlik vasitəsi kimi istifadə etməməkdir. Müasir kibertəhlükəsizlik yanaşmaları çoxfaktorlu autentifikasiyanı (MFA) tövsiyə edir. Yəni istifadəçinin kimliyi yalnız üz tanıma və ya barmaq izi ilə deyil, əlavə olaraq şifrə, PIN kod, təhlükəsizlik açarı və ya birdəfəlik təsdiq kodu ilə də yoxlanmalıdır”.

media-media-media-media-inshot_20260526_144312485-yc54fw-5ir7kv-tl5n7u

E.Atayev qeyd edir ki,ən təhlükəsiz yanaşma biometrikanı tək müdafiə vasitəsi kimi deyil, şifrə və digər təhlükəsizlik üsulları ilə birlikdə istifadə etməkdir:

“Alternativ həllər də mövcuddur. Məsələn, FIDO2 və Passkey kimi texnologiyalar biometrik məlumatı internetə göndərmir və ya mərkəzi serverlərdə saxlamır. Biometrik məlumat cihazın daxilində qalır, autentifikasiya isə kriptoqrafik açarlar vasitəsilə həyata keçirilir. Bu yanaşma biometrik məlumatların kütləvi şəkildə oğurlanması riskini əhəmiyyətli dərəcədə azaldır.İstifadəçilər həmçinin biometrik məlumatlarını tələb edən tətbiqlərə ehtiyatla yanaşmalı, yalnız etibarlı platformalardan istifadə etməli və cihazlarının proqram təminatını daim yeniləməlidirlər.

Gələcəkdə biometrika təhlükəsizliyin vacib hissəsi olaraq qalacaq, lakin onu şifrələrin tam əvəzedicisi kimi deyil, çoxqatlı müdafiə sisteminin bir elementi kimi qiymətləndirmək daha düzgün yanaşmadır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər