Şirkətin nüfuzuna xələl gətirən pay mübahisəsi: “Vətən-2022” MMC yaxın günlərdə cavab addımı atacaq - VİDEO
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Səadət Səfərova bir neçə gün əvvəl bir sıra media orqanlarına verdiyi müsahibəsində oğlu Səfərov Elşad Aydın oğlunun “Vətən-2022” MMC-nin təsisçilərindən biri olduğunu və şirkətdə 25 faiz payının mövcudluğunu iddia edib. O, bu payın qarşılığında şirkətin inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 40 mənzil tələb etdiyini bildirib. Səadət Səfərova həmçinin ailəsinin maddi vəziyyətinə toxunaraq, hazırda yalnız ipoteka krediti ilə əldə olunmuş bir mənzillərinin olduğunu, həmin krediti ödəyə bilmədiklərinə görə 16 nəfərlik ailə üzvünün küçəyə atılmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd edib.
Lakin qarşı tərəfin Patrulaz.az-a təqdim etdiyi sənədlərdə tam fərqli məqamlar yer alır. Sənədlərə əsasən, Səfərov Elşad Aydın oğlunun adına Bakı şəhəri Xətai rayonu Babək prospektində ümumi sahəsi 7169 kvadratmetr olan və hazırda “Diamond Cars” avtosalonu kimi fəaliyyət göstərən obyekt mövcuddur. Bundan başqa, Səfərov Elşadın qardaşı Səfərov Elşən Aydın oğlunun rəhbəri olduğu “Şirvan Mebel Mərkəzi” MMC-nin mülkiyyətində Şirvan şəhərində 1493 kvadratmetr sahəyə malik obyekt də qeydiyyatdadır. Qarşı tərəfin təqdim etdiyi məlumatda həmçinin iddia olunur ki, Səfərov Elşad Aydın oğlunun adına Yeni Həyat yaşayış kompleksinin “MegaFun” layihəsində bir neçə otaqlı mənzil də mövcuddur.
Əlavə olaraq qeyd edək ki, Səfərov Elşad Aydın oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci – dələduzluq (külli miqdarda) maddəsi ilə Suraxanı Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb və barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
“Vətən-2022” MMC-nin hüquqşünası Zaman Səmədov isə Patrul.az-a açıqlamasında bunları bildirib:
“İddiaçı Səfərov Elşad Aydın oğlu “Vətən-2022” MM -nə qarşı iddia tələbi irəli sürərək, şirkətin paylı mülkiyyətində olan, Suraxanı rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasından 25 faiz payının ayrılması, payın ayrılması mümkün olmadıqda isə həmin payın qiymətləndirilərək pul şəklində ödənilməsini məhkəmədən xahiş etmişdir.
Bu prosesdə 2 məqam diqqəti cəlb edir:
Məhkəmə araşdırması zamanı “Vətən-2022” MMC tərəfindən təqdim edilmiş, həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsindən əldə edilmiş sənədlərdən müəyyən olunur ki, “Vətən-2022” MMC-nin mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak mövcud deyildir.
Göründüyü kimi, Səfərov Elşad Aydın oğlu bu məsələdə bir qədər səhvə yol vermişdir. Belə ki, o şirkətin mülkiyyətində əmlakla şirkətin investisiya qoyduğu əmlak anlayışları fərqlidir. Yəni şirkətin investisiya qoyduğu əmlak onun mülkiyyəti hesab edilmir. Səfərov Elşad Aydın oğlu bu anlayışların mahiyyətini dərk etməkdə çətinlik çəkmişdir ki, belə bir iddia irəli sürmüşdür.
Sözügedən yaşayış binasının inşası üçün qoyulmuş vəsaitə gəldikdə isə, Səfərov Elşad Aydın oğlu 2022-ci ildə “VƏTƏN-2022” MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 460335 (dörd yüz altmış min üç yüz otuz beş) manat kapital qoymuşdur. Bundan kapitalın 332600 (üç yüz otuz iki min altı yüz ) manatı bank vasitəsilə, 127735 (bir yüz iyirmi yeddi min yeddi yüz otuz beş) manatı hissə-hissə nağd şəkildə qoyulmuşdur.
Təqdim etdiyimiz sənədlərdən görünür ki, həmin kapitalın əvəzinə Səfərov Elşad Aydın oğlu elə həmin ilin noyabr ayında Məmmədov Elnura olan borcunun əvəzinə vermək üçün ümumi sahəsi 193 kv.m olan 3 ədəd mənzil, 2023-cü ilin əvvəlində isə 1 kv.m-i 1200 manatdan hesablanmaqla 4 ədəd mənzil götürmüşdür. , yəni 2022-ci ildə ümumilikdə sahəsi 511 kv.m olan mənzillər götürmüşdür. Eyni zamanda “VƏTƏN-2022” MMC-nin kassasından 103400 (bir yüz üç min dörd yüz) manat pul vəsaiti götürmüşdür.
Bildiririk ki, binanın tikintisinə icazə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri İdarəsi tərəfindən 2023-cü ilin yanvar ayında verilmişdir.
Səfərov Elşad Aydın oğlu qoyduğu pul vəsaitini çoxmərtəbəli yaşayış binasının hələ bünövrəsi qazılmamış götürmüşdür və hazırda onun “VƏTƏN-2022” MMC-də hər hansı kapitalı mövcud deyil.
Onun şirkətdə sadəcə kapital payından 25 manat pul vəsaiti vardır ki, həmin vəsaitlə də çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək qeyri-mümkündür.
Bununla bağlı zamanında Səfərov Elşad Aydın oğlunun etibarnamə əsasında nümayəndəsi olan anası tərəfindən hüquq mühafizə orqanlarına edilən şikayətlər əsasında araşdırma aparılmış və “VƏTƏN-2022”MMC-nin haqlı olması öz təsdiqini tapmışdır.
Buna baxmayaraq Elşad Səfərovun anası olan Səadət Səfərova tərəfindən sosial şəbəkələrdə “VƏTƏN-2022”MMC-nin işgüzar nüfuzuna xələl gətirən yazılar, çıxışlar yayımlanır və çıxışları da heç biri hüquqi əsaslandırmaya dayanmır.”
Yəqin ki, “VƏTƏN-2022”MMC olaraq yaxın zamanda Səadət Səfərovaya qarşı şikayət və iddia irəli sürüləcəkdir.






