“Siyasi fikir ayrılıqları İran və Azərbaycan arasında elmi-dini əlaqələrə mane olmamalıdır” - İran rəsmisi
“Siyasi fikir ayrılıqları İran və Azərbaycan arasında elmi-dini əlaqələrə mane olmamalıdır”.
Patrul.az xəbər verir ki, bu fikirləri İranın Dini Hövzələr Mərkəzinin beynəlxalq məsələlər üzrə müavini Seyidmofid Hüseyni Kuhsari ölkənin ali rəhbəri Ayətullah Xameneyinin Qum şəhərində yerləşən Azərbaycan Nümayəndəliyində keçirilən “Wiki Pasox” virtual ensiklopediyasının Azərbaycan dilində versiyasının təqdimat mərasimində səsləndirib.
O, İslam ölkələri arasında elmi və idraki əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib:
“Ölkələr arasındakı siyasi fikir ayrılıqları İslam dünyasında, xüsusilə də İran və Azərbaycan Respublikası arasında intellektual, dini və elmi əlaqələrin inkişafına maneə olmamalıdır”.
Kuhsari “Azərbaycan Viki Cavabı”nın açılışını nəcib və mübarək elmi təşəbbüs adlandıraraq qeyd edib ki, Azərbaycan Respublikası regionun, İslam dünyasının və xüsusilə də şiə aləminin mühüm ölkələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan xalqının Əhli-Beyt (ə) məktəbinə bağlılığı və Məsumlara (ə) olan dərin sevgisi yüzilliklərə söykənən tarixi köklərə malikdir.







