Skuterlər şəhər hərəkətini mane olur? - Ekspert RƏYİ
Mikromobil nəqliyyat vasitələri son illər şəhər həyatının ayrılmaz hissəsinə çevrilib və gündəlik hərəkət dinamikasına yeni yanaşma gətirib. Bu nəqliyyat növü həm sürücülər, həm də piyadalar üçün fərqli situasiyalar yaradır və şəhər mühitində müzakirə olunan mövzulardan biri olaraq qalır.
Bəs mikromobil nəqliyyat vasitələri şəhər hərəkətinə necə təsir edir və hansı təhlükəsizlik qaydaları nəzərə alınmalıdır?
Mövzu ilə bağlı Patrul.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, mikromobil nəqliyyat vasitələri şəhər hərəkətində alternativ imkanlar yaratsa da, istifadəçilərin qaydalara əməl etməməsi təhlükəsizlik risklərini artırır:
“Mikromobil nəqliyyat vasitələrinin şəhər hərəkətinə təsiri məsələsinə sürücü gözü ilə baxdıqda, təbii ki, yolların daraldığı hiss olunur. Ancaq bu məsələyə yalnız sürücü prizmasından yanaşmaq düzgün deyil. Vətəndaş və ya turist baxımından yanaşdıqda isə mikromobil nəqliyyat vasitələrinin mövcudluğu müsbət haldır və bu, müasir şəhər üçün zəruri hesab olunmalıdır. Mən özüm sürücü olsam da, bu vasitələrin şəhərdə olmasına qarşı deyiləm. Düzdür, onların hərəkəti bəzən sürücülərin yol hərəkətinə təsir edir, lakin bu, “niyə varlar?” sualını ortaya çıxarmamalıdır. Əsas problem onların davranışları və təhlükəsizlik qaydalarına əməl etməmələridir. Hazırda bu, kifayət qədər ciddi problemdir. Ara-sıra yol polisi tərəfindən bu məsələ ilə bağlı müraciətlər olur, həmçinin sürücülər tez-tez təhlükəli hallarla bağlı videolar çəkib göndərirlər ki, paylaşaq. Bu baxımdan düşünürəm ki, gələcəkdə mikromobil istifadəçilərinin davranışlarına görə qaydaların tədricən sərtləşdirilməsi qaçılmazdır. Məsələn, bəzi ölkələrdə artıq kaskasız skuter sürmək qadağandır. Eyni zamanda, skuter istifadəçilərinin gözlənilməz yerlərdən, nəzərdə tutulmayan istiqamətlərdən – məsələn, qəfil qarşı tərəfdən çıxaraq sağdan sola keçmələri ciddi təhlükə yaradır. Unutmamalıyıq ki, onlar da yol hərəkətinin iştirakçılarıdır”.

Ekspertin sözlərinə görə, mikromobil istifadəçilərinə ilkin yol hərəkəti qaydaları aşılanmadıqca bu sahədə təhlükəsizlik problemləri və sürücülərin narazılığı davam edəcək:
“Əgər bir şəxs yol hərəkəti qaydalarını heç olmasa bəsit səviyyədə bilmirsə, bu, onun davranışlarında açıq şəkildə hiss olunur. Qaydaları bilən insan isə anlayır ki, qarşısındakı sürücüdür və bu cür davranışlar avtomatik olaraq sürücülər tərəfindən mənfi qarşılanır. Təəssüf ki, bu cür halların bir çoxu yol-nəqliyyat hadisələrinə səbəb olur. Nəticədə sürücülər haqlı olaraq etiraz edir ki, “biz qaydalara əməl edirik, bəs onlar niyə etmir?” Bu vəziyyət sürücülər arasında narazılığı artırır. Ona görə də mikromobil nəqliyyat vasitələrindən istifadə edənlər üçün heç olmasa təlimat xarakterli ilkin qaydalar müəyyən edilməlidir. Hansı zolaqlarda hərəkət etməli olduqları, keçidlərdə necə davranmalı olduqları onlara aydın şəkildə izah edilməlidir. Əks halda, “şəhər sizindir, necə istəyirsiniz sürün” yanaşması qaçılmaz olaraq fəsadlara gətirib çıxaracaq və çıxarırda”.
Cəmilə Cəfərzadə






