media-inshot_20251106_203859436

“5 il əvvəl Azərbaycan 30 illik işğala son qoydu. 44 günlük Vətən müharibəsi həqiqətən də regionda yeni qlobal reallıqlar yaratdı. Ötən 5 ildə regionun sabitliyi və təhlükəsizliyi baxımından vacib hadisələrə şahidlik edirik. İlk növbədə 44 günlük savaşdan sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Belə ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 2023-cü il sentyabrın 20-də isə cəmi 23 saat ərzində reallaşan antiterror əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri təslim olmağa məcbur oldu. Bununla da Azərbaycan topraqlarında erməni faşizminin başı əzildi, separatizmin kökü kəsildi. Azərbaycan bayrağı bütün ölkə ərazisində dalğalanır”.

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a 8 Noyabr- Zəfər günü barədə şərh edərkən deyib.

Millət vəkili xatırladıb ki, işğaldan azad olunmuş ərazilərin bərpası, eyni zamanda böyük qayıdış uğurla davam edir:

“Artıq Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır. Azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanı inşa olunub və istifadəyə verilib.

5 il ərzində Azərbaycan yekun sülh istiqamətində də real addımlar atıb. Belə ki, müharibədən dərhal sonra sülh təklifi Azərbaycandan gəldi. Sülh müqaviləsinin əsas baza prinsipləri də Azərbaycan tərəfindən hazırlandı və qarşı tərəfə göndərildi. Uzun müddət Ermənistan baza prinsipləri ətrafında müxtəlif manipulyasiyalar etsə də sonra bu sənədi qəbul etdi. Məhz Azərbaycanın konstruktiv mövqeyi sayəsində tərəflər vasitəçi olmadan bir araya gəldi. Bu birbaşa təmaslar tərəfləri sülhə bir qədər də yaxınlaşdırdı”.

media-img-20251106-wa0078

Könül Nurullayeva qeyd edib ki, Azərbaycan bu illər ərzində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də fundamental addımlar atıb:

“Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin Azərbaycan seqmentində işlər yekunlaşmaq üzrədir. Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Bu isə o deməkdir ki, tərəflər arasında bütün danışıqlar yekunlaşıb və razılıq əldə olunub. Azərbaycanın əsas tələblərindən biri də artıq yerinə yetirilib. Belə ki, ATƏT-in Minsk Qrupu da ləğv olunub.

Ermənistan həmçinin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Konstitusiyasını dəyişmək barədə öhdəlik də götürüb. Eyni zamanda Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində də (TRİPP marşrutu) işlər başlamaq üzrədir. Bir sözlə, Ermənistan müharibədən sonra sülh istiqamətində ləng addımlar atsa da, bu illər Azərbaycan və bütövlükdə region üçün inkişaf dövrü kimi tarixə düşməkdədir. Son 5 ilin mənzərəsi onu deməyə əsas verir ki, Azərbaycan müharibədə olduğu kimi, postmünaqişə dövrünün də qalibidir”.

Ləman Sərraf


Bənzər xəbərlər