“Son illərdə iki ölkə arasında əməkdaşlıq əlaqələrində müsbət addımlar atılıb” - ŞƏRH
“Azərbaycan-İraq münasibətlərinin tarixi inkişaf mərhələlərinə nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq imkanları xüsusilə son dövrlərdə inkişaf edib. Həmçinin digər strateji istiqamətlər, eləcə də regional təhlükəsizlik, enerji və ticarət məsələləri ilə bağlı əməkdaşlıq əlaqələrində müsbət addımlar atılıb”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında politoloq Aytən Qurbanova səsləndirib.

O bildirib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin İraqa səfəri çərçivəsində keçirilən siyasi məsləhətləşmələr bu əlaqələrin inkişafına töhfə verən mühüm addım hesab oluna bilər:
“Belə ki, hər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından belə səfərlər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan-İraq əlaqələrinin inkişaf etdirilməsi ümumilikdə ölkəmizin Orta Şərq siyasətinin gələcəyi və regional proseslərdəki mövqeyinin gücləndirməsi nöqteyi-nəzərindən mühüm nəticələrə malik ola bilər”.
Ləman Sərraf






