"Son vaxtlar hərəkətləri xoşuma gəlir" - Lukaşenkodan Tramp barəsində
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ nümayəndəsi Con Koal ilə görüşündə Donald Tramp barədə müsbət fikirlər səsləndirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan Lukaşenko görüş zamanı Trampın son vaxtlardakı siyasi xəttini bəyəndiyini bildirib:
“Deyirlər ki, Tramp tərifi sevir. Amma mən bunu tərif kimi etmirəm. Sadəcə demək istəyirəm ki, o, son vaxtlar öz hərəkətləri ilə çox xoşuma gəlir”, – Belarus prezidenti vurğulayıb.
Görüş zamanı ABŞ nümayəndəsi Lukaşenkodan Trampın “girov” adlandırdığı 1400 nəfəri azad etməyi tələb edib.
Lukaşenko isə məsələyə belə münasibət bildirib:
“Hazırda siz Belarus üzrə ən yüksək səviyyəli ABŞ rəsmisisiniz. Trampa deyin ki, bu məsələ ilə bağlı nəsə etməliyik. Və edəcəyik”, – deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ nümayəndəsi Koal sonuncu dəfə sentyabr ayında Belarusa səfər edərkən Lukaşenkonu 40-ı siyasi məhbus olmaqla, 52 nəfəri azad etməyə razı salmışdı. Bundan sonra ABŞ Belarusla bağlı bəzi sanksiyaları ləğv etmişdi.






