Sosial şəbəkələrdə gizli təhlükə: Tanımadığınız o profil əslində bir "robot" ola bilər! - AÇIQLAMA
Sosial şəbəkələrdə “fake” hesabların və saxta profillərin artması kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və ictimai etimad baxımından ciddi problemlər yaradır. Xüsusilə dələduzluq, dezinformasiya və insanların adından sui-istifadə hallarının çoxalması bu sahədə texnoloji nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir.
Bəs “fake” hesablar və saxta profillərlə mübarizədə texnoloji baxımdan hansı üsullar daha effektiv hesab olunur və bu sahədə süni intellektin rolu nə dərəcədə önəmlidir?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, saxta profillərin vaxtında aşkarlanması kibertəhlükəsizlik üçün əsas məsələlərdən biridir:
“Saxta profillər və “fake” hesablar son illərdə həm sosial şəbəkələrdə manipulyasiya, həm də phishing və kiberdələduzluq məqsədilə daha geniş istifadə olunur. Bu hesablar bəzən real insan kimi görünərək istifadəçilərin etibarını qazanmağa, saxta məlumat yaymağa və ya şəxsi məlumatları ələ keçirməyə çalışırlar. Buna görə də kibertəhlükəsizlik sahəsində əsas prioritetlərdən biri saxta profillərin vaxtında aşkarlanması və üzə çıxarılmasıdır”.

E.Atayev qeyd edir ki, platformalar süni intellekt və davranış analizi vasitəsilə şübhəli fəaliyyətləri müəyyən edərək saxta profilləri daha sürətli aşkarlayır:
“Müasir platformalar bu məqsədlə süni intellekt və davranış analizi texnologiyalarından istifadə edir. Sistemlər hesabların fəaliyyətini analiz edərək qeyri-təbii davranışları müəyyənləşdirə bilir. Məsələn, qısa müddətdə çox sayda insana eyni mesajın göndərilməsi, eyni məzmunun davamlı paylaşılması, saxta izləyici artımı və ya bir neçə hesabın koordinasiyalı fəaliyyəti şübhəli hesab olunur. Bu analizlər nəticəsində saxta profillər daha sürətli aşkarlanaraq məhdudlaşdırılır”.
Mütəxəssisin sözlərinə görə, hesabların doğrulanması, iki mərhələli giriş sistemi və istifadəçilərin diqqətli davranışı saxta profillərlə mübarizədə mühüm rol oynayır:
“Digər vacib üsullardan biri hesabların doğrulanmasıdır. Telefon nömrəsi, e-poçt təsdiqi və iki mərhələli giriş sistemi saxta hesabların kütləvi şəkildə yaradılmasını çətinləşdirir. Bəzi hallarda platformalar şəxsiyyət təsdiqi də tələb edir ki, bu da xüsusilə dələduzluq riskini azaltmağa kömək edir.
Saxta profillərin üzə çıxarılmasında istifadəçilərin rolu da böyükdür. Şübhəli hesabların report edilməsi, naməlum linklərə qarşı diqqətli olmaq və şəxsi məlumatların paylaşılmaması kiberrisklərin azalmasına kömək edir. Çünki texnoloji sistemlər nə qədər inkişaf etsə də, istifadəçi diqqəti və rəqəmsal savadlılıq kibertəhlükəsizliyin əsas hissələrindən biri olaraq qalır”.
Cəmilə Cəfərzadə






