Sosial şəbəkələrdə saxta “premium paket” satışları artır - Vəkildən XƏBƏRDARLIQ
Son illərdə internet üzərindən xidmət və məhsulların satışında aldadıcı üsulların artması diqqət çəkir. Xüsusilə, vətəndaşlara müxtəlif proqram və platformalara (məsələn, Netflix və ya digər ödənişli paketlər) abunəlik adı altında təqdim olunan xidmətlərin əslində qanunsuz və ya keyfiyyətsiz olması halları yayılıb. Bu cür hallarda vətəndaşlar həm maliyyə baxımından zərər çəkir, həm də şəxsi məlumatları risk altına düşə bilər.
Belə əməl hüquqi baxımdan “aldatma” və ya “dələduzluq” cinayət tərkibi yarada bilər. Bununla bağlı sual yaranır:
İnternetdə abunəlik və paket satışı adı altında vətəndaşların aldadılması hallarında hüquqi məsuliyyət necə müəyyən olunur və hansı cəzalar tətbiq edilir?
Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, belə hallarda şəxs və ya qrup vətəndaşlardan pul alıb xidmət göstərmədikdə, dələduzluq cinayətinin tərkibi yarana bilər və zərərin məbləği qəsdin nəticəsinə görə qiymətləndirilir:
“Əgər şəxs və ya qrup internetdə (“İnstagram”, “Telegram”, “WhatsApp” və s.) “Netflix”, “Spotify”, “YouTube Premium paketləri” satışı adı ilə vətəndaşlardan pul alır, lakin, ümumiyyətlə xidmət təqdim etmir, saxta login/parol verir, oğurlanmış kart məlumatları ilə açılmış hesabları satır və ya qısa müddət sonra hesabı bağlanan “panel” satırsa,bu halda dələduzluq cinayətinin tərkibi yarana bilər. Lakin burada əsas məsələ ondan ibarətdir ki, belə əməlləri tördədən şəxsin (şəxslərin) müstəqil yaranmış niyyətilə əhatə olunan qəsd nəticəsində dəymiş zərərin məbləği nə qədər olmuşdur”.

Vəkil qeyd edir ki, vətəndaşlara dəymiş zərər 500 manatdan aşağıdırsa, belə əməllər cinayət tərkibi yaratmır və yalnız İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyət doğurur:
“Hamıya bəlli olduğu kimi bu cür profillər aylıq məbləğləri çox az olur və vətəndaşlara dəymiş zərər də 15, 20, 30 manat civarında olur ki, bu da cinayət tərkibi yaratmır. Bir sözlə, bu əməllərlə vətəndaşlara dəymiş zərər 500 manatdan yuxarı deyildirsə, bu cinayət məsulliyyəti yaratmır. Bu hal inzibati məsuliyyət yaradır və həmin şəxslər yalnız İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq xırda talama ilə məsuliyyətə cəlb edilə bilərlər. Həmin maddənin sanksiyasında isə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.
Cəmilə Cəfərzadə






