Soyuducunuza heç vaxt qoymamalı olduğunuz QİDALAR - SİYAHI
Soyuducu yeməkləri təravətli saxlayır, bakteriyaların çoxalmasının, o cümlədən israfın qarşısını alır. Ancaq bu, bütün məhsulların soyudulmalı olduğu anlamına gəlmir. Əksinə, bəzi qidalar soyuducuda saxlandıqda ya dadını itirir, ya da daha tez xarab olur.
Patrulaz.az bu yazıda soyuducuya qoyulmaması tövsiyə olunan məhsulları və bunun arxasında duran səbəbləri araşdırıb.
Kartof

Kartof soyuqda saxlananda tərkibindəki nişasta şəkərə çevrilir, bu da onun dadını və teksturasını dəyişdirir. Mütəxəssislər kartofu sərin, lakin çox soyuq olmayan yerdə saxlamağı tövsiyə edir.
Banan

Banan soyuducuda çox tez qaralır və yetişir. Ən yaxşısı onu otaq temperaturunda, Günəş şüasından uzaq saxlamaqdır. Banan qan təzyiqini tənzimləməyə də kömək edir.
Reyhan

Soyuq temperatur reyhanın tərkibini pozur və qara ləkələrin yaranmasına səbəb olur. Onu otaq temperaturunda, su dolu stəkanda və ya kölgədə saxlasanız daha uzun müddət təzə qalar.
Soğan

Soğan soyuducuda nəmini itirir və tez yumşalır. Üstəlik, kartofla yanaşı saxlandıqda daha tez xarab olur. Quru, sərin və havalı mühit soğan üçün normal şəraitdir.
Qəhvə

Qəhvəni soyuducuda saxlamaq onun dadını itirməsinə səbəb olur. Çünki qəhvə rütubəti və ətrafındakı qoxuları çəkərək ləzzətini dəyişir. Ən yaxşısı hava keçirməyən qabda, qaranlıq yerdə saxlamaqdır.
Sarımsaq

Soyuqda saxlanan sarımsaq tez cücərir və küflənə bilir. Onu otaq temperaturunda, quru və qaranlıq yerdə saxlamaq məsləhətlidir.
İsti souslar və ketçup

Çoxları bu sousları soyuducuda saxlayır, halbuki içindəki sirkə və duz tərkibi kifayət qədər qoruyucu rola malikdir. Soyuducuda saxlamaq onların dadını dəyişir.
Çörək

Soyuducuda çörək daha tez bayatlaşaraq, sərtləşir. Çörək mülayim hava şəraitində qalmalıdır.
Zeytun yağı

Soyuq temperaturda zeytun yağı bərkiyir və dadını dəyişə bilər. Otaq temperaturu bu məhsul üçün ideal şəraitdir.
Bal

Bal soyuducuda kristallaşır və istifadəni çətinləşdirir. Əgər qabı möhkəmdirsə, onu illərlə otaq temperaturunda saxlamaq olar, hətta xarab olmadan.
Ədviyyatlar

Ədviyyatlar nəmli mühitdə dadını itirir. Soyuducu onların təbii qoxusunu azaldır. Buna görə də onları quru və qaranlıq rəfdə saxlamaq məsləhətlidir.
Pendir

Pendir, xüsusilə premium növlərdə soyuducunun rütubəti dadı poza bilər. Otaq temperaturunda saxlanması dad və tekstura baxımından daha üstündür.
Şokolad

Soyuducuda saxlanan şokoladın üzərində ağ təbəqə əmələ gəlir və dadı dəyişir. Onu sərin, quru yerdə saxlamaq daha yaxşı olar.
Taxıl və un

Soyuducuda saxlananda nəm çəkir və xırtıldılığı itir. Hava keçirməyən qabda, quru yerdə saxlamaq yetərlidir.
Avokado

Tam yetişməmiş avokadonu soyuducuya qoymaq onun yetişmə prosesini ləngidir. Tam yetişdikdən sonra isə soyuducuda 1-2 gün saxlamaq olar.
Pomidor

Soyuq pomidorlar elastikliyini itirir və ləzzətsiz olur. Buna görə də pomidorlar otaq temperaturunda, günəşdən uzaqda saxlanmalıdır.
Yumurta

Avropada otaq temperaturunda saxlansa da, Azərbaycanda qida təhlükəsizliyi baxımından soyuducu daha uyğundur, xüsusən yay aylarında…
Konservləşdirilmiş ton balığı

Açılmamış halda şkafda saxlamaq olar. Açıldıqdan sonra isə soyuducuda saxlanmalıdır, amma çox qalması dad və teksturanı poza bilər.
Qatıq və süd məhsulları

Əsasən soyuducuda saxlanılır, amma bəzi qatıq növləri (xüsusilə canlı bakteriyalılar) qısa müddət də olsa, otaq temperaturunda qala bilir.
Göründüyü kimi soyuducu bəzi məhsulların xarab olmasının qarşını almaqla yanaşı, bəzilərinin də dadını dəyişir, çürüməsinə, bakteriyaların yaranmasına səbəb olur. Həm qidaların ömrünü uzatmaq, həm də qida israfının qarşısını almaq üçün nəyi harada saxlamağı bilmək çox önəmlidir. Qidaların doğru saxlanması həm sağlamlıq, həm büdcə, həm də dad məsələsidir!
Gülbəniz Səfərova






