Su basmış evlərə dəyən zərəri kim qarşılamalıdır? - AÇIQLANDI
Son günlər Azərbaycanda yağıntıların intensivləşməsi nəticəsində bəzi yaşayış evlərini su basıb. Vəziyyət o qədər çətin olub ki, FHN əməkdaşları vətəndaşları dizdən yuxarı sularla dolmuş evlərdən təxliyə ediblər. Son statistikaya görə, FHN qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib. İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evi su içində qalan vətəndaşlar əşyalarının istifadəyə yararsız hala düşdüyünü bildiriblər.
Belə hallarda mənzillərə dəyən maddi ziyanı kim qarşılamalıdır? Vətəndaşlar zərərin ödənilməsi üçün hansı addımları atmalıdır?
Bu barədə Patrul.az-a açıqlamasında əmlak üzrə ekspert Ramil Osmanlı öz təcrübəsini bölüşüb.
O bildirib ki, belə şəraitdə evin sığortalı olması vacibdir:
“Vətəndaşın mülkiyyətində olan obyekt əgər sığortalıdırsa, bu halda sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləği müəyyən edilərək ödənilir. Əks təqdirdə, vətəndaş bu xərci özü çəkmək məcburiyyətində qalır”.
Ekspert dövlətin hansı hallarda vətəndaşın obyektinə dəymiş zərəri qarşıladığını da açıqlayıb:
“Bəzi hallarda fövqəladə vəziyyət zamanı dövlət vətəndaşa dəymiş zərərin əvəzini ödəməyi öz üzərinə götürür. Məsələn, bu fəlakətlərə zəlzələ nəticəsində dağılmış obyektlər də daxildir. Yağış nəticəsində isə evi su ilə dolmuş və bu istiqamətdə zərər görmüş vətəndaş üçün dövlət hər hansı məsuliyyət daşımır. Buna görə də qanunvericilikdə bu kimi şəxslərə dəymiş zərərə görə hər hansı kompensasiya ödənişi nəzərdə tutulmur”.

R. Osmanlı bu cür təbii fəlakətlər zamanı dəymiş zərərin daha asan aradan qaldırılması üçün vətəndaşları vaxtında sığortadan yararlanmağa çağırıb:
“Ümumiyyətlə, bazar iqtisadiyyatıdır. Bu mənada vətəndaşlar sığorta xidmətlərindən yararlanmaqda maraqlı olmalıdırlar. O cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun da var. Təəssüf ki, su basmış ərazilərdəki fərdi yaşayış evlərinin əksəriyyəti özbaşına tikililərdən ibarətdir. Nəticədə onlar sığortadan da yararlana bilmirlər.
Qanun dövlətin üzərinə bununla bağlı hər hansı öhdəlik qoymur. Bazar iqtisadiyyatı şəraitində mülkiyyətçi – əmlak sahibi zərərini özü, öz vəsaiti hesabına qarşılamalıdır”.
Gülbəniz Səfərova






