Süni intellektlə montaj edilən şəkillə şantaj edənləri nə gözləyir? - Vəkil açıqladı
Başqasının sosial şəbəkədə paylaşdığı adi (normal) şəklini götürüb, onu süni intellekt vasitəsilə dəyişdirərək (məsələn, montaj edib, saxta və ya intim görüntü formasına salıb) həmin şəxsi şantaj etmək halları son dövrlər artmaqdadır. Bu cür əməllər həm şəxsi toxunulmazlığın, həm də şərəf və ləyaqətin pozulması kimi qiymətləndirilir və ciddi hüquqi məsuliyyət yarada bilər.
Başqasının sosial şəbəkədə paylaşdığı adi fotosunu süni intellekt vasitəsilə dəyişdirərək onu şantaj etmək Azərbaycan qanunvericiliyinə görə hansı hüquqi məsuliyyətə səbəb olur?
Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdən götürülən fotoların razılıqsız şəkildə süni intellektlə dəyişdirilərək yayılması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il qərarına əsasən şəxsin hüquqlarının pozuntusu sayılır və zərərçəkənə həm mülki, həm də cinayət-hüquqi müdafiə imkanları verir:
“Sosial media profillərindən götürülmüş şəkillərin şəxsin icazəsi olmadan əldə edilməsi, süni intellekt texnologiyaları ilə redaktə olunaraq dəyişdirilməsi və müxtəlif onlayn platformalarda yayılması hüquqi müstəvidə şəxsi və toxunulmazlıq hüquqlarına əsassız müdaxilə kimi qiymətləndirilir. Bu sahədə hüquqi mexanizmlər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarı ilə daha konkret şəkildə müəyyənləşdirilib. Qərara əsasən, hüquq pozuntusu yaradan məlumatlar yalnız mətn formasında deyil, həmçinin fotoşəkil, montaj edilmiş vizual material, audio yazı və video kimi rəqəmsal formatlarda da ifadə oluna bilər. Hər hansı informasiyanın üçüncü şəxslərə və ya qeyri-müəyyən auditoriyaya onların qavrama imkanına uyğun şəkildə çatdırılması hüquqi baxımdan yayım sayılır.
Mövcud normativ aktlara uyğun olaraq, belə vəziyyətlərdə zərər çəkmiş şəxs məhkəmə qaydasında iddia qaldıraraq hüquq pozuntusunun müəyyən edilməsini, mübahisəli materialın internet resurslarından çıxarılmasını, paylaşımın dayandırılmasını və ya təkzib olunmasını, eləcə də dəymiş mənəvi zərərə görə maddi əvəz tələb edə bilər.Əgər törədilmiş əməl cinayət xarakteri daşıyırsa, bu zaman cinayət məsuliyyətinin tətbiqi mülki-hüquqi müdafiə vasitələrindən istifadə imkanını məhdudlaşdırmır. Zərərçəkən şəxs eyni vaxtda həm mülki, həm də cinayət-prosessual qaydada hüquqlarının müdafiəsinə nail ola bilər”.

Vəkil qeyd edir ki, montaj edilmiş və ləyaqəti alçaldan materialın yayılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən böhtan və ya təhqir sayılaraq 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:
“Cinayət-hüquqi məsuliyyət məsələsində əmələ verilən hüquqi qiymət paylaşılmış montaj materialının məzmunundan və təqdim olunma formasından asılıdır. Əgər montaj edilmiş kontent yalan olduğunu bilə-bilə konkret şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumat kimi təqdim edilərək internet resursunda yayılıbsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi-böhtan kimi qiymətləndirilə bilər. Əgər paylaşılan material fakt iddiası formasında deyil, daha çox şəxsin şərəf və ləyaqətinin nalayiq şəkildə qəsdən alçaldılmasına yönəlibsə, bu halda əməl həmin məcəllənin 148-ci maddəsi -təhqir maddəsi ilə aktuallaşır. Məlumatı yayan şəxs 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri, və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası ala bilər. Beləliklə, qanunvericiliyə əsasən, bu tip hallarda nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının maksimum həddi 6 aya qədərdir. Lakin konkret iş üzrə hansı cəzanın tətbiq ediləcəyi məhkəmə tərəfindən fərdi qaydada müəyyən edilir”.
Cəmilə Cəfərzadə






