media-inshot_20250612_211543135

İki süni intellektin insanlara naməlum olan “gizli dil”də ünsiyyət qurduğu anı əks etdirən video sosial mediada geniş müzakirələrə səbəb olub.

Patrulaz.az xəbər verir ki, “Euronews”un məlumatına görə, sözügedən “AI”lar əvvəlcə otel sifarişi barədə adi dialoq aparsa da, biri qarşı tərəfin də süni intellekt olduğunu anlayan kimi “Gibberlink” adlı eksperimental səs protokoluna keçiblər. Bu mərhələdən sonra onlar “GGWave” texnologiyası vasitəsilə insan qulağının qavrama imkanlarını aşan səslərlə sürətli məlumat ötürməyə başlayıblar.

Texnologiyanın yaradıcısı ElevenLabs hackathon iştirakçıları Anton Pidkuiko və Boris Starkov bildiribər ki, bu metod insan dilindən təxminən 80% daha sürətli və resurs baxımından daha qənaətlidir.

Məsələ ilə bağlı mütəxəssislər narahatlıqlarını ifadə ediblər. Texnologiya etikası üzrə tədqiqatçı Dr. Diane Hamilton  iki süni intellektin insanların bilmədiyi bir dildə danışmasından narahat olduğunu dilə gətirib:

“AI-ların öz aralarında insanların başa düşə bilmədiyi bir dildə ünsiyyət qurması şəffaflıq və nəzarət baxımından ciddi suallar doğurur”,-deyə mütəxəssis bildirib.

Qeyd edək ki, hazırda bu texnologiya yalnız eksperimental səviyyədə sınaqdan keçirilir. Lakin onun gələcəkdə genişlənməsi, hüquqi və etik çərçivələrin yenilənməsi ehtiyacını da gündəmə gətirir.

AI-ların “gizli dil”də ünsiyyəti texniki nailiyyət kimi görünə bilər, lakin bu inkişaf eyni zamanda insan nəzarəti, təhlükəsizlik və məsuliyyət məsələlərində ciddi debatlar doğurur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər