media-inshot_20260327_124340369

Bir çox sürücü səmimi şəkildə hesab edir ki, avtomobili nə qədər “qoruyaraq” idarə etsələr, yəni yavaş sürsələr, mühərriki aşağı dövrlərdə saxlasalar, o qədər uzunömürlü və problemsiz işləyəcək. Əslində isə bu, ciddi yanılmadır və mühərrikin resursunu azalda, müxtəlif nasazlıqlara səbəb ola bilər. Bəzən mühərrikə “yüklənmə vermək” lazım olduğunu deyənlər isə tam da haqsız deyillər.

“Avtomobili həddindən artıq qoruma sindromu”

Son illərdə peşəkar mühitdə yeni bir anlayış – “avtomobili həddindən artıq qoruma sindromu” yaranıb. Təcrübəli mexaniklər bildirir ki, bu yanaşma mühərrikə “aqressiv sürücülük” qədər, bəzən isə ondan da çox zərər verə bilər.

Müasir mühərriklər müəyyən iş rejimlərinə uyğun şəkildə hazırlanıb: onlar dinamik işləməli, dövrlənməli, qızıb-soyuma dövrlərini keçməli, yanacağı optimal şəraitdə yandırmalı və müəyyən mənada “özünü təmizləməlidir”. Yəni ənənəvi “nə qədər ehtiyatlı olsaq, bir o qədər yaxşıdır” düşüncəsi burada işləmir. Əksinə, daim aşağı sürət və aşağı dövrlərlə, qısa məsafələrdə sürmək mühərrikin normal iş rejimini pozur.

Həddindən artıq “yumşaq” istismar nəyə gətirib çıxarır?

Əgər siz daim 2000–2500 dövr/dəqiqə aralığında sürür və əsasən, qısa məsafələr qət edirsinizsə, mühərrikdə intensiv qurum yığılması başlayır. Bunun səbəbi aşağı temperatur rejimində yanacağın tam yanmamasıdır.

Nəticədə baş verənlər:

Giriş klapanlarında, porşenlərdə və inyektorlarda çöküntülər yaranır;

Turbin və egzoz sistemində kir yığılır:

Qaz pedalına reaksiya zəifləyir;

Boş gedişdə qeyri-sabitlik yaranır;

Xüsusilə, birbaşa püskürtməli mühərriklərdə bu problem daha kəskindir, çünki yanacaq giriş klapanlarını yuyub təmizləmir.

Sistemlərin “tənbəlləşməsi”

Müasir mühərriklərdə bir çox əlavə sistemlər var:

Qazpaylama fazasının dəyişməsi;

EGR (egzoz qazlarının təkrar dövriyyəsi);

Turbinin dəyişən geometriyası;

Giriş kollektorunun klapanları və s.

Bu mexanizmlər mütəmadi işləməlidir. Əgər siz, daim aşağı yükdə sürürsünüzsə, onlar eyni vəziyyətdə qalır və üzərlərində yığılan çöküntülər səbəbindən ilişə və sıradan çıxa bilər.

EGR sisteminin problemləri

EGR klapanı adətən, aşağı dövrlərdə (2500 dövr/dəq-dən aşağı) açıq qalır. Əgər siz, daim bu rejimdə sürürsünüzsə, o, praktiki olaraq həmişə açıq olur və giriş sistemini eqzoz qazları ilə çirkləndirir.

Nəticə:

Klapanın ilişməsi;

Giriş kollektorunun çirklənməsi;

Mühərrik gücünün azalması;

Qaz reaksiyasının zəifləməsi;

Yağ və şlam problem;

Mühərrik yağı effektiv işləmək üçün müəyyən temperatura çatmalıdır. Qısa məsafələr və “soyuq” rejimlər nəticəsində:

Karterdə nəmlik yığılır;

Yağ kanallarında çöküntülər yaranır;

Yağ öz funksiyasını tam yerinə yetirə bilmir;

Porşen halqalarının tutulması;

Qurum, aşağı temperatur, yanmamış yanacaq və nəmlik – bütün bunlar porşen halqalarının “yapışmasına” səbəb olur.

Bu isə:

Kompressiyanın azalması;

Yağ sərfiyyatının artması;

Mühərrik gücünün düşməsi ilə nəticələnir.

Yüksək dövrlü profilaktika nədir?

Bu problemlərin qarşısını almaq üçün mühərrikə vaxtaşırı “yüklənmə vermək” tövsiyə olunur.

Tövsiyə olunan rejim:

Benzin mühərrikləri: 4000–5500 dövr/dəq;

Dizel mühərrikləri: 3000–4500 dövr/dəq;

Bu, bir növ mühərrik üçün “təmizləyici prosedur” rolunu oynayır:

Yumşaq çöküntülər yanır;

Sistemlər aktiv işləyir;

Giriş sistemi təmiz qalır;

EGR bağlanaraq mühərrikə “təmiz hava” verir.

Necə və nə qədər tez-tez sürətli sürmək lazımdır?

Gündəlik istifadə edirsinizsə: hər 4–5 gündə bir dəfə;

Həftəsonu sürürsünüzsə: həftədə 1 dəfə;

Hər 40–50 litrlik yanacaqdan sonra: minimum 1 dəfə.

Yetərlidir:

2–3 dəfə güclü sürətlənmə (2 və ya 3-cü ötürücüdə);

4000–5500 dövr/dəq-ə qədər;

Əlavə olaraq:

20–30 dəqiqəlik magistral sürüş (100–120 km/saat);

Dayanmadan, sabit yük altında.

Vacib qaydalar

Mühərrik tam qızmadan bunu etməyin;

Maksimum dövrlərdə uzun müddət qalmayın;

Həddindən artıq yükləmədən qaçının;

Turbomühərrikdə sürətdən sonra dərhal söndürməyin – 1 dəqiqə boşda işləsin;

Köhnə avtomobillərdə bu prosedura tədricən keçmək lazımdır:

əvvəl 3500 dövr/dəq;

sonra 4500;

daha sonra maksimum.

Yüksək dövrlü profilaktika mühərrikin ömrünü uzada və bir çox nasazlığın qarşısını ala bilər. Lakin burada əsas prinsip balansdır, nə həddindən artıq “qoruma”, nə də daim “maksimum yükləmə” olmaz . Mühərrik üçün ən doğru yanaşma vaxtaşırı dinamik, amma nəzarətli istifadədir.

Aynur Nadirqızı, Patrul.az


Bənzər xəbərlər