Təhsil haqları niyə artırılır? – Ekspert səbəbləri AÇIQLADI
Azərbaycanda 2022/2026-cı tədris ili üçün təhsil haqlarında artım gözlənilir. Bu istiqamətdə ilk addımı Azərbaycan Dövlət Pedaqoji Universiteti atıb. Artım həm bakalavriat, həm də magistratura səviyyələrində müşahidə olunur.
Maraqlıdır, qiymət artımları, kirayə evlərinin bahalaşması və sosial problemlərin dərinləşdiyi bir vaxtda tələbələr üçün illik təhsil haqlarının artırılması hansı səbəblərlə izah oluna bilər?
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, təhsil haqlarındakı artımın əsas səbəbi universitetlərin xərclərinin çoxalması və inflyasiya ilə bağlıdır:
“Universitetlərdə təhsil haqının artmasının bir neçə səbəbi var. Burada əsas məsələ universitet xərclərinin artmasıdır. Müəllimlərin maaşları, kommunal xərclər, tədris və texnologiya vasitələrinin yenilənməsi buraya daxildir.
İkincisi isə, universitetlər əllərində olan mövcud maddi-texniki bazanın tam şəkildə fəaliyyət göstərməsi və mövcud vəziyyətin qorunmasıdır. Bundan əlavə olaraq da, sözsüz ki, keyfiyyətli təhsil standartları – Azərbaycanda ali təhsil müəssisələri kreslidinq cədvəlində müəyyən naliyyətlər əldə ediblər və bu standartlar da tələblərə uyğun olması üçün müəyyən yeniliklərə cavab verməlidir. Bu da sözsüz ki, investisiya, müəyyən xərclər tələb edir”.

Təhsil eksperti bildirib ki, dövlət və özəl universitetlər arasında təhsil haqqı siyasətində müəyyən fərqlər mövcuddur. Onun sözlərinə görə, dövlət universitetlərində təhsil haqları ilə bağlı qərarlar adətən Təhsil Nazirliyi və ya digər aidiyyəti dövlət qurumları tərəfindən müəyyən olunur. Özəl universitetlər isə bu məsələdə daha sərbəstdirlər:
“Özəl və dövlət universitetlərində vəziyyət daha fərqlidir. Dövlət universitetlərində təhsil haqqı ilə bağlı qərarlar Təhsil Nazirliyinə və yaxud da müvafiq dövlət orqanlarına ünvanlanır. Özəl universitetlərdə isə bununla bağlı biraz sərbəstlik var. Lakin buna baxmayaraq, onlar da təhsil haqqında artım edərkən bunu əsaslandırma ilə göstərməlidirlər. Bütün ixtisaslarda deyil, yalnız əmək bazarında tələblərə cavab verən ixtisaslara da artım ola bilər. Biz bunu mühəndislik və iqtisadiyyat fakültələrinin tərkibindəki ixtisaslarda görürük. Ancaq bu o demək deyil ki, özəl universitetlər təhsil haqlarında istədikləri qədər artım edə bilərlər. Sözsüz ki, bu proseslərə də dövlət nəzarət edir. Belə ki, özəl universitetlərdə təhsil almaq istəyən tələbələr, onların valdeynləri üçün həmin ixtisasların əlçatan olması məqsədilə müəyyən təkliflər irəli sürüldükdə də dövlət tərəfinən tənzimləmələr də həyata keçirilir.
Bildiyimiz kimi, həm özəl, həm də dövlət universitetlərində 5 ildən bir yoxlamalar olur və bunun əsasında da həm universitetin maliyyə durumu, ümumiyyətlə isə təhsil müəssisənin nəzdində olan hər bir şey tək-tək yoxlanılır. Bu proses zamanı tapılan nöqsanların aradan qaldırılması üçüm təkliflər irəli sürülür. Buraya təhsil haqqının artırılması, tədris vəsaitlərinin yenilənməsi və digər məsələlər də xüsusilə diqqətdə saxlanılır”.
Gülbəniz Səfərova






