Təhsil ocağında tərbiyə böhranı: Mingəçevir Turizm Kollecindən yayılan görüntülər suallar yaradır - VİDEO
Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev yazır:
“Sosial şəbəkələrdə yayılan Mingəçevir Turizm Kollecinin şagirdlərinin kriminal məzmunlu mahnı fonunda çəkdikləri klip cəmiyyətdə haqlı narazılıq və ciddi ictimai qınaq doğurub. Sözügedən görüntülər bir daha göstərir ki, bəzi təhsil müəssisələrində nəzarət və tərbiyəvi işlər lazımi səviyyədə aparılmır.
Məsələ təkcə bir videodan ibarət deyil. Bu, gənclərin zövqünün, davranış modelinin və sosial şəbəkələrdə gördükləri neqativ nümunələrin nə qədər sürətlə mənimsənildiyinin açıq göstəricisidir. Kriminal həyat tərzinin, zorakılığın və qanunsuzluğun “trend” adı altında təbliği cəmiyyət üçün təhlükəli tendensiyaya çevrilib.
Daxili İşlər Nazirliyi bu kimi halların qarşısının alınması məqsədilə illərdir ölkə üzrə mütəmadi profilaktik və maarifləndirici tədbirlər həyata keçirir, məktəb və kolleclərdə görüşlər təşkil edir, gənclərə hüquqi biliklər aşılayır. Lakin reallıq ondan ibarətdir ki, DİN hər bir təhsil ocağına polis əməkdaşı təyin edə bilməz. Hüquq-mühafizə orqanlarının işi nə qədər önəmli olsa da, bu mübarizə təkbaşına aparıla bilməz.
Bu nöqtədə əsas məsuliyyət təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin və valideynlərin üzərinə düşür. Gənclərin hansı mühitdə formalaşması, hansı dəyərləri mənimsəməsi birbaşa ailə və təhsil ocağındakı nəzarətdən asılıdır. Valideyn laqeydliyi və rəhbərliyin səssizliyi isə bu cür halların artmasına zəmin yaradır.
Xüsusilə nəzərə almaq lazımdır ki, kriminal mövzuların böyük hissəsi sosial mediada, əsasən də xarici platformalarda və xarici mənbələr vasitəsilə yayılır. Ölkəmizin hüquq-mühafizə orqanları yalnız Azərbaycan seqmentində bu cür təbliğat aparan şəxslərə qarşı tədbir görə bilir. Xaricdən yayılan, kriminal həyat tərzini təşviq edən kontentlə mübarizə isə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin ümumi mövqeyini və həmrəyliyini tələb edir.
Məlumat üçün bildirək ki, yayılan videogörüntüdə nəzarətsizliyin müşahidə olunduğu Mingəçevir Turizm Kollecinin direktoru Əhmədov Kamal Nizami oğludur. O, bu vəzifəyə 2021-ci ilin oktyabr ayında təyin edilib. Cəmiyyət haqlı olaraq sual edir: təhsil ocağında tərbiyəvi işlər niyə bu səviyyədə zəifləyib və məsul şəxslər buna görə hansı addımları atacaq?
Bu kimi halların qarşısının alınması üçün hər kəs – vətəndaş, valideyn, müəllim və təhsil müəssisələrinin rəhbərləri məsuliyyətli mövqe nümayiş etdirməli, hüquq-mühafizə orqanlarının apardığı işlərə dəstək verməlidir. Gəncləri kriminal mədəniyyətdən qorumaq yalnız DİN-in deyil, bütün cəmiyyətin borcudur.”






