media-inshot_20250924_205637087

Mətbəximizin ayrılmaz hissəsi olan limon yalnız yeməklərə dad qatan meyvə deyil, həm də gündəlik həyatımızı asanlaşdıran təbii möcüzədir. Mütəxəssislərin fikrincə, bahalı və sərt kimyəvi məhsullardan istifadə yerinə, təbiətin təqdim etdiyi vasitələrdən yararlanmaq həm sağlamlıq, həm də büdcə üçün daha faydalıdır.

Patrulaz.az-ın məlumatına görə, təbii antibakterial və parıldadıcı xüsusiyyətləri ilə seçilən limonla evdə rastlaşdığınız bir çox kiçik problemi rahatlıqla həll edə bilərsiniz.

Pis qoxulara son

Soyuducudan və ya zibil qabından gələn xoşagəlməz qoxular evin ümumi havasını korlayır. Bunun qarşısını almağın ən sadə yolu bir parça pambığı limon suyuna batırıb soyuducuya və ya zibil qabına qoymaqdır. Bir neçə dəqiqəyə təravətli qoxu bütün mətbəxə yayılacaq.

Təbii təmizlik vasitəsi

Kimyəvi təmizləyicilər yerinə limon qabığından istifadə edin. Kəsmə taxtası, lavabodakı ləkələr və ya sobanın çətin çıxan yağ izlərini limon qabığı ilə sürtdükdə həm parıltı, həm də gigiyena əldə edəcəksiniz. Üstəlik, limonun ətri təmizliyin effektini daha da artıracaq.

Pas ləkələrinə son

Qədim zamanlardan bəri limon metalların təmizlənməsində istifadə olunub. Limon suyuna bir az duz əlavə edib paslı səthə çəkdikdə nəticə göz qamaşdıracaq qədər parlaq olur. Bu üsul çay qaşıqlarından tutmuş bıçaqlara qədər bütün metal əşyalar üçün uyğundur.

Mikroblara qarşı təbii qoruyucu

Mətbəxdə ən çox mikrob toplayan vasitələrdən biri süngərlərdir. Onları qaynar su və limon suyu ilə yuyaraq dezinfeksiya etmək mümkündür. Beləliklə, həm süngərədən istifadənin müddəti uzanır, həm də qabların daha gigiyenik yuyulmasına zəmin yaranır.

Şüşə və güzgülərdə kristal parlaqlıq

Bahalı şüşə təmizləyicilərinə ehtiyac yoxdur. Sprey şüşəsinə su ilə qarışdırılmış limon suyu tökün və güzgüləri silin. Həm təmiz, həm də ləkəsiz parıltı əldə edəcəksiniz.

Limonun təmizləyici gücü hələ qədim Misirdə də məlum olub. Tarixi mənbələrdə misirlilərin həm qab-qacaq, həm də dəriyə qulluq üçün limondan istifadə etdiyi qeyd olunur. Beləlikdə limondan təkcə ev işləri üçün deyil, saç baxımında, dəriyə qulluqda, ağ paltarlarının ağardılmasında da istifadə oluna bilər. Belə ki, Limon suyu saçlara parlaqlıq bəxş edir. Bir stəkan suya bir neçə damcı limon suyu əlavə edib son yaxalama suyu kimi istifadə edə bilərsiniz. Limon dərini də canlandırır və yağlılığı azaldır. Amma birbaşa tətbiq etməzdən əvvəl su ilə qarışdırmaq vacibdir. Paltarların ağarması üçün isə yuyucu maşına bir az limon suyu əlavə edilir.

Son olaraq qeyd edək ki, kimyəvi məhsullar qısa müddətli effekt versə də, uzunmüddətli istifadədə sağlamlığa ziyan vura bilər. Təbii üsullar isə həm ekologiyanı qoruyur, həm də insan sağlamlığına daha uyğundur.


Bənzər xəbərlər