media-ux_6yxryku5zbonyzdci46rzhybgzlasxbeecskxz3rf70cuq2u50r4cv3sgpexjd569ir5ghpclbcrvlwsfq0_87tq2ziydxwqyqvob6e6rsxmkh1givqqm9wwjrxmrcglpsywuauk4-5pbpaiyxkqgiofjtw8dhhmq7_pblrzg8ts7hr6ckrtukvvbvbfd

Smartfon istifadəçiləri arasında geniş yayılan fikirlərdən biri də budur ki, telefonu “təyyarə rejimi”nə keçirmək cihazın izlənilməsini tam dayandırır. Bəs bu həqiqətən belədirmi, yoxsa müəyyən hallarda cihaz haqqında məlumat toplamaq yenə də mümkündür? Telefonu “təyyarə rejimi”nə keçirmək kibertəhlükəsizlik baxımından istifadəçini izlənilməkdən tam qoruyurmu?

Bu barədə İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki,təyyarə rejimi mobil əlaqəni kəssə də, Wi-Fi və Bluetooth açıq qaldıqda cihazın yeri barədə məlumatların toplanması hələ də mümkün ola bilər:

“Bir çox insan telefonu təyyarə rejiminə keçirməklə özünü izlənilmədən tam qorunmuş hesab edir, lakin bu fikir yalnız qismən doğrudur. Təyyarə rejiminin əsas funksiyası cihazın mobil şəbəkə əlaqəsini kəsməkdir. Bu rejim aktiv olanda telefon baza stansiyalarına qoşulmur, zəng və SMS qəbul etmir, mobil internet işləmir. Nəticədə mobil operator vasitəsilə real vaxtda yerin müəyyən edilməsi mümkün olmur.

Lakin burada mühüm bir nüans var: müasir telefonlarda təyyarə rejimi Wi-Fi-ı həmişə söndürmür. Köhnə cihazlarda rejim yandırılan kimi Wi-Fi avtomatik kəsilirdi, indi isə sistem istifadəçinin vərdişini yadda saxlayır. Əgər siz əvvəllər təyyarə rejimində olarkən Wi-Fi-ı əl ilə yandırmısınızsa, növbəti dəfə rejimi açanda Wi-Fi sönmür və işlək qalır. iPhone-larda Bluetooth da çox vaxt açıq qalır. Bunun səbəbi odur ki, təyyarələrdə artıq Wi-Fi istifadəsinə icazə verilir və istehsalçılar rejimi elə dizayn ediblər ki, yalnız mobil şəbəkə mütləq şəkildə sönsün. Wi-Fi açıq qaldıqda isə telefon həm internetə qoşula bilir, həm də ətrafdakı Wi-Fi şəbəkələrinin siyahısına əsasən yeri kifayət qədər dəqiq müəyyən edilə bilir”.

media-media-img-20260709-wa0020-w73v2b

B. Əliyev qeyd edir ki,təyyarə rejimi GPS, Bluetooth və zərərli proqramlardan qaynaqlanan izlənmə risklərini tam aradan qaldırmır:

“Digər boşluq GPS ilə bağlıdır. GPS qəbuledicisi təyyarə rejimində də işləməyə davam edir, çünki o, siqnal ötürmür, yalnız qəbul edir. Telefon koordinatları toplamağa davam edə bilər və şəbəkə bərpa olunan kimi bu məlumatlar serverlərə göndərilə bilər. Yəni izlənilmə real vaxtda deyil, gecikmə ilə baş verir. Bundan əlavə, Bluetooth açıq qalıbsa, cihaz yaxınlıqdakı başqa telefonlar vasitəsilə də tapıla bilər. Məsələn, Apple-ın “Find My” şəbəkəsi məhz bu prinsiplə işləyir və hətta söndürülmüş iPhone-u belə müəyyən şərtlərdə tapa bilir.

Ən ciddi ssenari isə cihazın artıq zərərli proqramla yoluxmuş olmasıdır. Bu halda təyyarə rejimi heç bir fayda vermir. Casus proqram mikrofon yazılarını, mesajları və lokasiya tarixçəsini lokal olaraq toplayır və internet bərpa olunan kimi hamısını göndərir”.

Mütəxəssis sonda bildirir ki, təyyarə rejimi tam məxfilik təmin etmir və cihazın bütün simsiz bağlantıları ayrıca söndürülmədikcə tam qorunmadan danışmaq düzgün deyil:

“Təyyarə rejimi mobil şəbəkə üzərindən izlənilməyə qarşı effektivdir, lakin tam qoruma vermir. Daha etibarlı qorunma üçün Wi-Fi və Bluetooth-u ayrıca olaraq Parametrlər bölməsindən söndürmək lazımdır. Təyyarə rejimini “görünməzlik düyməsi” kimi deyil, sadəcə mobil əlaqəni kəsən alət kimi qəbul etmək daha doğrudur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər