media-photo-output

Son dövrlər Telegramda qeyri-etik, şəxsi həyata müdaxilə edən və təhlükəli məzmunların artması platformaya qarşı şikayətlərin çoxalmasına səbəb olub. Elə bu fonda Telegramın bir gündə 500 mindən çox qrup və kanalı bloklaması da göstərir ki, platforma artıq daha sərt nəzarət mexanizminə keçməyə məcbur qalıb.

Bəs Telegramın bu kütləvi bloklamasının əsas səbəbləri nədir və bu addım istifadəçilərə necə təsir göstərə bilər?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Patrul.az-a açıqlamasında bildirib ki, Telegramın kütləvi şəkildə 500 mindən çox kanalı bloklaması platformadakı qeyri-etik və təhlükəli paylaşımların qarşısını almaq üçün atılmış vacib addımdır:

“Telegram sosial şəbəkəsinin bir gündə 500 mindən çox qrup və kanalın bloklanması bir qədər gecikmiş qərar kimi qiymətləndirilə bilər. Çünki uzun müddətdir ki, bu platformada qeyri-etik paylaşımlar, 18+ videolar, insanların şərəf və ləyaqətini alçaldan materiallar geniş yayılır və bu səbəbdən müxtəlif ölkələrdə çoxsaylı şikayətlər mövcuddur. Telegramın bu addımı göstərir ki, narazılıqlar artıq kütləvi hal alıb və platforma buna reaksiya vermək məcburiyyətində qalıb. Bir gündə 500 mindən çox kanalın bağlanması həm də onu göstərir ki, Telegram bundan sonra fəaliyyətini daha ciddi şəkildə tənzimləməli, insanları təhqir edən və qeyri-etik məzmunların qarşısını almaqda daha məsuliyyətli olmalıdır. Çünki digər sosial şəbəkələrlə müqayisədə Telegram bu sahədə fərqlənir – platformadakı qaydalar və standartlar daha aşağı səviyyədədir. Bu isə istifadəçilərin təhlükəsizliyinin tam təmin edilməməsi deməkdir. Belə olan halda Telegramın nəhayət əməli addımlar atması kifayət qədər səmərəli və zəruri qərardır”.

H. Heydərli bildirib ki, Telegramın kütləvi bloklama qərarı uzun müddət nəzarətsiz qalan qeyri-etik və şəxsi həyata müdaxilə edən paylaşımların qarşısını almaq məqsədi daşıyır:

“Əlbəttə, bu cür kütləvi bloklamaların əsas səbəbi platformada yayılan qeyri-etik paylaşımlardır. Telegramda insanların alçaldılması, uşaqların, xüsusilə də azyaşlıların  görüntülərinin yayılması, açıq-saçıq foto və videoların paylaşılması, şəxsi həyatın hədəf alınması kimi hallar uzun müddətdir ciddi narazılıq yaradır. Məhz buna görə də Telegram təkcə Azərbaycanda deyil, bütün dünyada bu tip paylaşımların geniş yayıldığı platforma kimi tanınır. Bu gün atılan addım isə göstərir ki, artıq platformanın özünə də kütləvi şəkildə şikayətlər daxil olur və Telegram müəyyən məcburiyyət qarşısında qalaraq belə bir qərar verib. Düşünürəm ki, bundan sonrakı mərhələdə sosial şəbəkə təhlükəsizlik tədbirlərini daha da gücləndirməlidir. Çünki yayılan məlumatlar həm insanların peşə etikasına, həm də şəxsi həyatın toxunulmazlığına ciddi təsir göstərirdi. Azərbaycanda da bununla bağlı fəaliyyət göstərən çox sayda kanal və profil mövcuddur. Onlar insanların şəxsi həyatına müdaxilə edir, qeyri-etik paylaşımlar yayırdı və bir çox hallarda onlara qarşı tədbir görülmürdü. Bu baxımdan, Telegramın kütləvi bloklama qərarı həm yerli, həm də qlobal səviyyədə daha təmiz və təhlükəsiz mühit formalaşdırmaq üçün vacib addımdır”.

Ekspertlər hesab edir ki, istifadəçilər qeyri-etik paylaşımları Telegrama şikayət etməli, əks halda platformanın nüfuzu ciddi zərər görə bilər:

“Sosial media istifadəçiləri bu kimi qeyri-etik paylaşımlarla qarşılaşdıqları zaman, düşünürəm ki, birbaşa Telegramın özünə şikayət etməlidirlər. Yəqin ki, bundan sonra Telegram bu məsələlərə daha həssas yanaşacaq və bu cür paylaşımların qarşısını almaqda daha fəal olacaq. Əks halda, sosial şəbəkənin nüfuzuna həm dünyada, həm də Azərbaycanda ciddi xələl dəyə bilər və nəticədə insanlar platformadan kütləvi şəkildə uzaqlaşa bilərlər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər