“Təmiz qida, təmiz həyat” – 98 yaşlı Bəyxanım nənənin uzun ömür resepti - VİDEO
Patrul.az redaksiyasına müraciət edən izləyicimiz Şamaxı rayonunun Çağan kəndində yaşayan 98 yaşlı Bəyxanım Mirzəyevanın bir arzusunu çatdırmağımızı xahiş edib. İzləyicimizin təqdim etdiyi videogörüntüdə Bəyxanım nənə özü də yer alır.
Bəyxanım Mirzəyeva bildirir ki, o, 1928-ci ilin yanvar ayında Şamaxı rayonunda dünyaya gəlib. Lakin həmin illərdə baş verən müharibə və digər çətinliklər səbəbindən sənədləri itib. Daha sonra ona o dövrün hökuməti tərəfindən 1930-cu il doğum tarixi ilə sənəd verilib.
Ağır və keşməkeşli həyat yolu keçdiyini deyən Bəyxanım nənə 7 oğlan, 4 qız olmaqla ümumilikdə 11 övlad dünyaya gətirib və hamısını zəhmətlə böyüdüb. Bu gün onun övladları müxtəlif peşələrin sahibidir. Nənənin sözlərinə görə, bu böyük ailənin davamı olaraq onun yüzə yaxın nəvəsi, nəticəsi və kötücəsi var.
Görkəminin və üz cizgilərinin öz yaşına görə daha təravətli qalmasının səbəbi soruşulduqda isə Bəyxanım nənə bunu üç amillə izah edir:
• Həmişə balıq yeməsi,
• Uzun illər üzünə sabun istifadə etməməsi,
• Həyatı boyu təmiz, orqanik kənd məhsulları ilə qidalanması.
Bəyxanım nənənin ən böyük arzusu onun haqqında xəbərin yayımlanması idi. Patrul.az olaraq bu gözəl arzunu həyata keçirməkdən məmnunluq duyuruq.
Günay Salayeva






