media-9aec4a57-3b01-3707-8041-86d23e7a1bd2_850

“Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq barədə imzalanan Birgə Bəyanat iki ölkənin təhsil sahəsində əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Son illərdə iqtisadi, ticarət və siyasi əlaqələrin intensivləşməsi təhsil sahəsinə də birbaşa təsir edib. Bəyanatda vurğulanan qarşılıqlı tələbə mübadiləsinin davam etdirilməsi, Konfutsi institutlarının inkişafı, Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi, eləcə də müxtəlif tipli təhsil müəssisələri arasında tərəfdaşlığın genişləndirilməsi iki ölkənin gələcək nəsillərinin bir-birini daha yaxından tanımasına və qarşılıqlı mədəni təsirlərin güclənməsinə xidmət edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti və UNEC-də Konfutsi institutları və ya Çin dili proqramları fəaliyyət göstərir:

“Statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda təxminən 1500 tələbə Çin dili və mədəniyyəti üzrə ixtisaslaşır və onlarla tələbə Çin Xalq Respublikasının müxtəlif ali təhsil müəssisələrində təqaüdlə təhsil alır. Çin universitetləri sırasında Pekin Universiteti (Peking University), Tsinghua Universiteti, Şanxay Jiao Tong Universiteti, Zhejiang Universiteti, Fudan Universiteti, Harbin Texnologiya Universiteti və Wuhan Universiteti azərbaycanlı tələbələrin ən çox seçdiyi ali məktəblər sırasındadır. Son beş ildə yalnız Tsinghua və Pekin Universitetində 50-dən çox azərbaycanlı tələbə magistratura və doktorantura pilləsində təhsil alıb”.

media-e9e00bf1-6392-4077-bf3e-7d88f78303f1
Ekspertin sözlərinə görə, Çində təhsil alan azərbaycanlı tələbələrin sayı 2010-cu illərin əvvəllərində cəmi 30-40 nəfər olduğu halda, 2023-cü ildə bu rəqəm 300-ə yaxınlaşıb:

“Azərbaycan universitetləri isə qarşılıqlı əməkdaşlıq çərçivəsində Çin universitetləri ilə 20-dən çox ikitərəfli müqavilə imzalayıb, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin Çin universitetləri ilə elmi-tədqiqat və tələbə mübadiləsi proqramları mövcuddur.

Tərəflər arasında təhsil əlaqələrinin ən mühüm üstünlüklərindən biri qarşılıqlı etimadın formalaşması və qlobal çağırışlara birgə cavab vermək imkanlarının genişlənməsidir. Çin təhsilinin innovativ yanaşmaları, elmi tədqiqat və texnologiya sahəsindəki təcrübəsi Azərbaycanın təhsil sisteminə inteqrasiya olunur, eyni zamanda Azərbaycan mədəniyyəti, dili və tarixi də Çində təbliğ edilir. Bu proses yalnız tələbə mübadiləsi ilə bitmir, eyni zamanda müəllim mübadiləsi, birgə tədqiqat layihələri, dil proqramları, elmi konfranslar və ikili diplom proqramları kimi çoxşaxəli əməkdaşlıq formatları da əhatə olunur”.

Kamran Əsədov əlavə edib ki, dünya təcrübəsində bu cür dərinləşən təhsil əlaqələri uzunmüddətli perspektivdə iqtisadi, elmi və mədəni inteqrasiyanın əsas aparıcı qüvvələrindən birinə çevrilir:

“Azərbaycan və Çin arasında təhsil sahəsində qurulan yeni əməkdaşlıq isə regionda yeni imkanlar, elmi-texniki tərəqqi, eləcə də rəqabətqabiliyyətli, müasir düşüncəli insan kapitalının formalaşması üçün real zəmin yaradır. Bu əməkdaşlıq gənclərin dünyagörüşünün genişlənməsinə, beynəlxalq arenada ölkənin imicinin yüksəlməsinə və gələcəkdə birgə elmi, innovativ layihələrin sayının artmasına səbəb olacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər