Türkiyədə zəlzələ riski altında olan bölgələr açıqlandı
İstanbul son dövrlərdə artan zəlzələlər ilə diqqət çəkməyə davam edir. 2025-ci ildə yenilənmiş zəlzələ risk xəritəsi, şəhərin Avropa və Anadolu tərəflərindəki müxtəlif bölgələrdə ciddi təhlükələrə işarə edir.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Mərmərə dənizində baş verən ardıcıl zəlzələlər, həmçinin müxtəlif rayonlarda hiss olunan təkanlar, əhali arasında narahatlığa səbəb olub.
Yeni yaradılmış xəritəyə görə, Avropa tərəfindəki Avcılar, Bakırköy, Beylikdüzü və Zeytinburnu kimi rayonlar, Anadolu tərəfində isə Kadıköy, Pendik və Kartal bölgələri xüsusilə risk altındadır.
Prof. Dr. Şükrü Ersoy, İstanbulun sağlam bölgələrinin yanında, zəlzələyə ən həssas olan rayonları da açıqlayıb. O, Şile, Çekmeköy və Beykoz kimi rayonların daha yaxşı vəziyyətdə olduğunu bildirərkən, bəzi ərazilərdə riskin artdığını qeyd edib.
“Zəlzələlərin ardıcıl olaraq baş verməsi, xüsusən fay xəttinə yaxın rayonlarda riskləri artırır. İstanbulda möhkəm zəmində yerləşmək hər zaman bir zəmanət vermir”, – deyə Prof. Dr. Şükrü Ersoy vurğulayıb.
Xatırladaq ki aprelin 23-də İstanbulda 6,2 bal gücündə baş verən zəlzələdən sonra 266-dan çox afterşok qeydə alınıb.
Gülbəniz Səfərova