"TİkTok-da cərimə düzgündür, çünki o ölkədə tərbiyəsizliyin yayılmasına xidmət edir" - RƏY
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə də TikTok-da yayılan sürətli trend və çağırışlar gənclər arasında geniş müzakirə mövzusuna çevrilib. Bu platformada yayılan məzmun onların gündəlik həyatına və sosial münasibətlərinə təsir edir.
Bəs TikTok-da yaranan sürətli trend və çağırışların gənclərin davranış və dünyagörüşünə hansı sosial təsirləri olur?
Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, TikTok gənclər arasında asan pul qazanmaq arzusu yaradaraq mənfi tendensiya formalaşdırır:
“Ümumiyyətlə, TikTok platformasının istifadəyə verilməsi gənclər arasında mənfi tendensiya hesab olunur. Belə ki, hər kəs TikTok-da bloqer və influencer fəaliyyəti ilə məşğul olmaq arzusundadır. Gənclərin çoxu düşünürlərki, TikTok platformasında mən yalnız səhifə açıb reklam qəbul edərək vəsait qazanacam. Bu, çox asan yolla pul qazanmaq metodudur və ümumiyyətlə, yol verilməzdir”.

Sosioloqun sözlərinə görə, TikTok-da etik normalar pozulanda cərimə və hətta həbs tətbiq olunur, bu isə platformanın mənfi təsirini göstərir:
“Yeni qanunda qəbul edildiyi kimi, sosial şəbəkələrdə artıq etik normalar pozulduqda cərimə tətbiq olunur və təhqirə görə hətta həbs cəzası verilə bilər. Bu, çox düzgün bir qərardır. Çünki TikTok platforması sözün düzü, ölkədə mənfi davranışların, tərbiyəsizliyin və əxlaqsızlığın yayılmasına geniş xidmət edir. Mən sosioloq kimi sosial şəbəkələr arasında TikTok-u istifadə etmirəm və heç vaxt istifadə etməyəcəyəm”.
Cəmilə Cəfərzadə






