“TikTok”da yayılan bu təhlükəli “trend” qanunvericiliyin kobud şəkildə pozulmasıdır” – Asim Abbasov
Sosial şəbəkə platforması “TikTok”da sürücülər arasında yeni və təhlükəli “trend” yayılıb. Videolarda avtomobil hərəkətdə olarkən ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərini taxmadan, yolun hərəkət istiqamətinə əks formada oturduğu və musiqi ifa etdiyi görünür. Bu cür davranış həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də qəza riski baxımından olduqca təhlükəlidir.
Bəs bu cür davranışlar qanunvericiliyə əsasən hansı cəza və cərimələrə səbəb olur?
Patrul.az mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.
O vurğulayıb ki, son günlər sosial şəbəkə platformalarında sürücülər və sərnişinlər arasında son dərəcə təhlükəli bir “trend” yayılmaqdadır:
“Paylaşılan videolarda avtomobil hərəkətdə olarkən ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərini taxmadan, hərəkət istiqamətinə əks formada oturduğu və musiqi ifa etdiyi açıq şəkildə görünür. Qeyd edim ki, bu cür davranış təkcə sosial məsuliyyətsizlik deyil, eyni zamanda qanunvericiliyin kobud şəkildə pozulmasıdır və inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanmamasına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə 30 manat məbləğində cərimə nəzərdə tutulur”.
Vəkilin sözlərinə görə, hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan və qaydalara zidd formada oturmaq, üstəlik sürücünün diqqətini yayındıracaq davranışlar nümayiş etdirmək həmin maddənin tətbiqi üçün əsas yaradır:
“Sosial şəbəkələrdə izlənmə və populyarlıq naminə edilən bu cür məsuliyyətsiz davranışların cəmiyyətə, xüsusilə də gənclərə mənfi örnək olduğunu nəzərə alsaq, məsələnin hüquqi və ictimai tərəfinin ciddiliyi daha aydın görünür. Yol hərəkəti qaydaları formal xarakter daşımır, onlar insan həyatının və təhlükəsizliyinin qorunmasına xidmət edir”.
Ləman Sərraf






