media-photo-output

Paytaxtda günün istənilən saatında müşahidə olunan tıxac problemi minlərlə insanın gündəlik həyatına təsir göstərir. Həftənin iş günlərində yolların yüklənməsi və nəqliyyat vasitələrinin ləngiməsi həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur.

Bəs tıxac probleminin həlli üçün hansı dəyişikliklər edilməlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Ekspert bildirib ki, böyük şəhərlərdə tıxaclar artıq ciddi problemə çevrilib və bu məsələyə qarşı real alternativlər formalaşdırılmalıdır:

“Alternativ dedikdə yalnız fərqli nəqliyyat növləri nəzərdə tutulmur, həm də onların əlçatanlığı, üstünlükləri və maliyyə dayanıqlılığı nəzərə alınır.

İctimai nəqliyyat sahəsində əsasən iki istiqamətdə islahatlar aparılır:

1. Tez nəticə verən həllər:

  • Son illərdə tətbiq edilən avtobus zolaqları və mikromobilik (velosiped, skuter və s.) zolaqları paytaxtın yol şəbəkəsində tətbiq olunub və effektiv nəticələr verir.
  • Bu tədbirlər avtobusların orta sürətini artırıb və onların təqvimə uyğun işləməsini təmin edib.

2. Daha uzunmüddətli və maliyyətli islahatlar:

  • Piyada infrastrukturunun yaxşılaşdırılması: Dövlət proqramına əsasən 2025–2030-cu illərdə piyada keçidlərinin sayı artırılmalı, baryerlər aradan qaldırılmalı və inklüzivlik (əlillər üçün əlçatanlıq) təmin edilməlidir.
  • Dayanacaqların optimal məsafədə yerləşməsi və eyni səviyyəli keçidlərin artırılması planlaşdırılır.
  • Svetofor sistemində avtobuslar üçün “yaşıl dalğa”nın tətbiqi, təhlükəsizlik adacıqları, kontrast işıqlandırma və zolaq daraltması kimi üsullar insanları şəxsi nəqliyyatdan ictimai nəqliyyata yönəltməyə xidmət edir.

Ekspert əlavə edir ki, daha sərt və strateji həllər də vacibdir:

  • Bakı şəhərində mövcud dəmir yolu infrastrukturu 145 illik tarixə malikdir. Onun genişləndirilməsi və təkmilləşdirilməsi şəhərin mərkəzi və ətraf qəsəbələrlə əlaqə baxımından alternativ yaradacaq.
  • Yeni metro xətləri də növbəti həll yoludur. Artıq 58 illik Bakı metrosunun genişləndirilməsi üzrə dövlət proqramı qəbul olunub və 2026-cı ildən yeni tikinti mərhələsi başlayacaq.
  • Tramvay xəttinin yaradılması da mütləqdir. Bu, müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanı təmin edəcək və axınların qarışmamasına kömək edəcək.

Ekspert digər vacib məqamları da vurğulayıb:

“Qanunsuz parklanmaların aradan qaldırılması önəmli məsələdir. Səki və piyada keçidlərində avtomobillərin park etməsi piyadaların təhlükəsizliyini pozur və onların hərəkətinə mane olur. Qanun sərt şəkildə tətbiq edilməlidir.

Yaxın gələcəkdə xidmət müqavilələri “brut” sistemə keçəcək. Bu sistemdə dövlət hər kilometrə görə subsidiyalar verəcək ki, bu da:

  • Avtobusların gec saatlara qədər işləməsinə,
  • Tələbə və təqaüdçülər üçün güzəştlərin tətbiqinə,
  • 90 dəqiqə ərzində bir neçə nəqliyyat vasitəsinə keçid imkanına şərait yaradacaq.

Bütün bu tədbirlər nəqliyyat sistemində tıxaclara qarşı real, sistemli və dayanıqlı alternativlərin formalaşdırılmasını təmin edəcək.”

Ləman Sərraf


Bənzər xəbərlər