Tramp artıq ABŞ-İran müharibəsində təkbaşına hücum əmri verə bilməyəcək - səlahiyyətləri məhdudlaşdırıldı
ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Patrul.az xəbər verir ki, demokrat senator Tim Keynin (Tim Kaine) irəli sürdüyü qətnamə Senatda 50 “lehinə”, 47 “əleyhinə” səslə qəbul olunub.
Bu qanun layihəsi Ağ Evi İrana qarşı hər hansı yeni və ya genişmiqyaslı hərbi əməliyyat keçirməzdən əvvəl Konqresdən rəsmi icazə almağa məcbur edir. Sənəd prezidentin təkbaşına müharibə qərarı vermək səlahiyyətini məhdudlaşdırır və ordunun idarə edilməsində parlament nəzarətini bərpa etməyi hədəfləyir.
Səsvermə zamanı respublikaçıların daxilində ciddi parçalanma yaşanıb. Belə ki, 4 respublikaçı senator – Rand Paul, Susan Collins, Lisa Murkowski və Bill Cassidy öz partiyalarının xəttinə qarşı çıxaraq layihənin lehinə səs verib. Pensilvaniyadan olan Con Fettermən isə sənədin əleyhinə səs verən yeganə demokrat olub.
Respublikaçı senatorlardan üçünün -Con Kornin, Tom Tillis və Tommi Tubervilinin səsvermədə iştirak etməməsi qanunun keçməsini asanlaşdırıb.
Xatırladaq ki, sənəd ABŞ və İsrail qüvvələrinin İrana qarşı başlatdığı hərbi əməliyyatların 80-ci günündə, Hörmüz boğazının bağlanması və ABŞ-də yanacaq qiymətlərinin kəskin yüksəlməsi fonunda qəbul edilib. Bu, demokratların analoji qanunu qəbul etmək üçün ardıcıl 8-ci cəhdi olub. Belə ki, əvvəlki 7 cəhd uğursuzluqla nəticələnmişdi.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Körfəz ölkələrinin (Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) liderlərinin xahişi ilə İrana planlaşdırılan növbəti böyük zərbəni təxirə saldığını, lakin ordunu hər an genişmiqyaslı hüquma hazır vəziyyətə gətirdiyini bildirmişdi.
Məlumat üçün bildirək ki, qanun layihəsinin tam qüvvəyə minməsi üçün sənəd respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında da təsdiqlənməlidir.
Bununla yanaşı, Prezident Donald Trampın qanun layihəsinə veto qoyacağı gözlənilir.






