"Tramp dünyadakı münaqişələrin tənzimlənməsi istiqamətində xüsusi rol oynamaq istəyir" - POLİTOLOQ
ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da Ağ Evdə Qəzza zolağı ilə bağlı planını açıqlayıb. Plana görə, İsrail geri çəkiləcək, bölgə tərkisilah olunacaq və bütün proseslərə Tramp nəzarət edəcək. Maraqlıdır, əvvəlki iddialarında Qəzzanın öz təşəbbüsü ilə “yenidən şəhər” kimi dizayn ediləcəyini bildirən Trampın yeni planı nə dərəcədə real görünür?
Bu barədə politoloq Elşad Mirbəşiroğlu Patrulaz.az-a açıqlamasında bildirib ki, bəzi ölkələr Fələstin dövlətini yalnız HƏMAS-ın hökumətdə olmaması şərti ilə tanımağı planlayırlar:
“Qəzzada baş verənlər hazırda dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələdir və geniş müzakirə olunmaqdadır. Trampın öz mövqeyində dönüş etməsinin bir sıra səbəblərini qeyd etmək olar. Hesab edirəm ki, indiki reallıqda əsas səbəb BMT-nin Baş Assambleyasının 80-ci zirvə iclasında baş verənlərlə bağlıdır. Orada Qəzza məsələsinə ciddi həssaslıq göstərildi. Ayrı-ayrılıqda isə iki dövlət prinsipi əsasında məsələnin həllinin vacibliyi vurğulandı. Bir sıra ölkələrdə qeyd-şərtlə Fələstin dövlətini tanıdıqları və yaxud da tanıyacaqlarını bildirdilər. Bu qeyd-şərt ondan ibarət idi ki, gələcək Fələstin hökumətində HƏMAS təmsil olunmasın. Bildiyimiz kimi, Avropanın aparıcı ölkələri – Böyük Britaniya, Fransa və bir sıra başqa dövlətlər, digər tərəfdən isə Kanada və Avstraliya Fələstinin müstəqilliyini tanıdıqlarını bəyan ediblər. Hesab edirəm ki, bu tendensiyanın təsiri altında Tramp öz mövqeyinə yenidən baxa bilər”.

E.Mirbəşiroğlu Trampın bu addımının regiondakı ağır hərbi-siyasi vəziyyətin yumşalmasına təsir göstərə biləcəyini vurğulayıb:
“Digər səbəb isə, bildiyimiz kimi, Tramp dünyadakı münaqişələrin tənzimlənməsi istiqamətində xüsusi rol oynamaq istəyir. Bu istəyini açıq ifadə edir və görünür, Qəzzada baş verənlərə artıq fərqli mövqedən yanaşmaqla özünün qlobal sülh missiyasına uyğun gələn mövqe sərgiləmək niyyətindədir. Şübhəsiz ki, Trampın bu yanaşması kifayət qədər konstruktiv addımdır. Regionda olduqca ağır hərbi-siyasi durumun aradan qalxması istiqamətində təsirli amil rolunu oynaya bilər və 1947-ci ildə BMT tərəfindən qəbul olunmuş iki dövlət prinsipinə uyğun reallıqların formalaşması prosesini sürətləndirə bilər”.
Cəmilə Cəfərzadə






