Tramp HƏMAS-a atəşkəslə bağlı xəbərdarlıq etdi: "Onlara hələ yox dedim"
ABŞ Prezidenti Donald Tramp HƏMAS-a atəşkəs şərtlərinə əməl etməsi ilə bağlı yenidən xəbərdarlıq edib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampa bildirilib ki, 10 oktyabr şərtlərinə HƏMAS əməl etməsə, Yaxın Şərq və ətraf bölgələr “ağır güclə Qəzzaya” müdaxilə edə bilər.
ABŞ lideri bu barədə özünün “Truth” sosial media platformasında paylaşım edərək həmin ölkələrə “Hələ yox” cavabı verdiyini bildirib.
Tramp, eyni zamanda HƏMAS-ın atəşkəs şərtlərinə əməl etməyə davam edəcəyinə ümid etdiyini vurğulayıb. O, bu məsələdə kömək göstərmək istəyən bütün ölkələrə də təşəkkürünü bildirib:
“Mən böyük və qüdrətli İndoneziya ölkəsinə və onun gözəl liderinə Yaxın Şərqə və ABŞ-yə göstərdikləri bütün yardımlara görə təşəkkür edirəm”.
Xatırladaq ki, Tramp oktyabrın 9-da İsrail və HƏMAS arasında davam edən danışıqlar zamanı Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlamışdı.
Daha sonra, oktyabrın 13-də Trampın vasitəçiliyi ilə Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində Qəzzada atəşkəs barədə sənəd imzalanıb. Razılaşmaya əsasən, İsrail hər gün Qəzzaya humanitar yardım aparan 600 yük maşınına icazə verməlidir.






