"Tramp-Putin görüşü ləğv edilməyib, sadəcə təxirə salınıb" - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Budapeştdə keçirilməsi planlaşdırılan, lakin daha sonra ləğv edildiyi bildirilən Donald Tramp- Vladimir Putin görüşü barədə açıqlama verib.
Patrulaz.az “TASS”a istinadla xəbər verir ki, Lavrovun sözlərinə görə, görüş təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb, lakin sonradan görüşün ləğv olunmadığı, təxirə salındığı bildirilib.
“Təşəbbüs ABŞ tərəfindən idi. Biz nəzakətli insanlarıq – dəvət alanda ‘bəli, gəlin, harada və nə vaxt’ deyirik. Sonra bu dəvət ləğv edildi. Dünən Ağ Evdə prezident Tramp dedi ki, ‘ləğv etmək’ əslində ‘təxirə salmaq’ deməkdir. Bu, prosesin təşəbbüskarlarından asılıdır”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya arasında aparılan danışıqlar məhsuldar keçib və buna görə də yaxın zamanda ayrıca görüşə ehtiyac qalmayıb.
“Dövlət Departamenti Rubio ilə Lavrov arasında yaxşı və məhsuldar telefon danışığı olduğunu açıqladı. O qədər yaxşı idi ki, hələlik görüşə ehtiyac yoxdur”, – deyə Lavrov əlavə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də oktyabrın 23-də verdiyi açıqlamada Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ sammitinin ləğv deyil, təxirə salındığını bildirib.






