Tramp Qəzza planını AÇIQLADI: "İsrail Qəzzanı işğal..."
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra ilk dəfə Qəzza planını təqdim edib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, plana görə, İsrail qüvvələri Qəzzadan geri çəkiləcək, bölgə isə tərksilah ediləcək. Qəzzadakı keçid dövrünə isə şəxsən Tramp başçılıq edəcək.
Planın əsas müddəaları belədir:
İsrail Qəzzanı işğal etməyəcək və ilhaq etməyəcək;
Girovlar geri qaytarılacaq;
Tərəflər razılaşmanı qəbul edərsə, müharibə dərhal sona çatacaq;
Qəzza müvəqqəti texnokrat hökuməti tərəfindən idarə olunacaq;
Yardım yalnız BMT və beynəlxalq təşkilatlar vasitəsilə paylanacaq;
Qəzzanın yenidən qurulması üçün beynəlxalq fond və investisiya proqramı hazırlanacaq;
HƏMAS hərbi infrastrukturunu məhv edəcək və bölgənin idarə edilməsində iştirak etməyəcək;
ABŞ və regional tərəfdaşların nəzarətində beynəlxalq sabitləşdirmə qüvvəsi yaradılacaq;
Fələstin Dövlətinin qurulmasına doğru yol açılacaq.
Hətta plana əsasən İsrailin Qəzzadan tədricən çəkilməsini nəzərdə tutan xəritə də təqdim edilib. Xəritədə:
Mavi xətt – İsrail ordusunun hazırkı nəzarət xətti;
Sarı xətt – 1-ci geri çəkilmə xətti;
Qırmızı xətt – 2-ci geri çəkilmə xətti;
Zolaqlı zona – 3-cü geri çəkilmə / İsrailin təhlükəsizlik zonası kimi göstərilib.

Trampın təqdim etdiyi sənəd ümumilikdə 20 bənddən ibarət planı əhatə edir:
1. Qəzza qonşuları üçün təhlükə yaratmayan, radikallaşmadan və terrorçuluqdan azad bir zona olacaq.
2. Qəzza öz xalqının xeyrinə yenidən qurulacaq.
3. Hər iki tərəf təklifi qəbul edərsə, müharibə dərhal başa çatacaq; İsrail qüvvələri əməliyyatları dayandıracaq və tədricən Qəzzadan çəkiləcək.
4. Bütün girovlar və onların qalıqları İsrail razılaşmanı qəbul etdikdən sonra 48 saat ərzində geri qaytarılacaq.
5. Girovların qaytarılmasından sonra İsrail yüzlərlə fələstinli məhbusu və minlərlə qəzzalını azad edəcək.
6. Dinc yanaşı yaşamağa sadiq HƏMAS üzvlərinə amnistiya veriləcək; bölgəni tərk etmək istəyənlərə təhlükəsiz keçid təmin ediləcək.
7. Razılaşmadan sonra Qəzzaya gündə ən azı 600 yardım maşını daxil olacaq, infrastruktur bərpa olunacaq.
8. Yardım İsrail və HƏMAS-ın müdaxiləsi olmadan BMT və beynəlxalq təşkilatlar vasitəsilə paylanacaq.
9. Qəzza texnokrat hökuməti tərəfindən idarə olunacaq; ABŞ və tərəfdaşların yaratdığı qurum bu prosesi nəzarətdə saxlayacaq.
10. Qəzzanın yenidən qurulması üçün iqtisadi plan hazırlanacaq, beynəlxalq investisiya və iş yerləri yaradılacaq.
11. İştirakçı ölkələrin razılığı ilə azaldılmış gömrük rüsumları və giriş dərəcələri olan iqtisadi zona yaradılacaq.
12. Qəzzadan heç kim zorla çıxarılmayacaq; bölgəni tərk edənlər geri qayıda biləcək.
13. HƏMAS-ın Qəzzanın idarəsində rolu olmayacaq; hərbi infrastrukturu dağıtmaq öhdəliyini götürəcək.
14. Regional tərəfdaşlar HƏMAS və digər qrupların öhdəliklərinə əməl etməsinə təminat verəcəklər.
15. ABŞ beynəlxalq sabitləşdirmə qüvvəsi yaradacaq və Fələstin polisi quraraq onlara təlim keçirəcək.
16. İsrail Qəzzanı işğal və ilhaq etməyəcək; təhlükəsizlik təmin olunduqca mövcud ərazilər tədricən təslim ediləcək.
17. HƏMAS planı rədd edərsə, müəyyən zonalarda müddəalar həyata keçiriləcək və bu ərazilər beynəlxalq qüvvələrə təhvil veriləcək.
18. İsrail Qətərə hücum etməməyə razı olacaq; ABŞ və dünya ictimaiyyəti Qətərin vasitəçilik rolunu tanıyacaq.
19. Deradikalizasiya prosesi həyata keçiriləcək; dinlərarası dialoq təşviq ediləcək.
20. Fələstin Muxtariyyəti islahat proqramını tamamladıqdan sonra Fələstin Dövlətinin yaradılması üçün şərait yaranacaq.
21. ABŞ İsrail və fələstinlilər arasında siyasi dialoqa təşəbbüs göstərəcək.
Gülbəniz Səfərova






