media-inshot_20260319_091341975

“TikTok” platformasının son illərdə insanların həyatına sürətlə daxil olması onların yaşam tərzini, əyləncə anlayışını, düşüncələrini və həyata baxışını ciddi şəkildə dəyişib. Bu gün platformada “reels” videolar paylaşan istifadəçilər məşhur olanları görərək özləri də tanınmaq istəyirlər. Bir qədər baxış topladıqdan sonra isə özlərini “TikTok bloqeri” adlandırırlar.

Ən diqqətçəkən məqamlardan biri də odur ki, hər hansı bir davranış və ya səs trendə çevrildikdə milyonlarla insan bunu təkrarlamağa başlayır. Beləliklə, müasir dövrdə “bu gün TikTok üçün necə video çəkim ki, baxış toplasın?” düşüncəsi ilə formalaşan bir nəsil meydana çıxır.

Sosial şəbəkələrdən aktiv istifadə yalnız müxtəlif peşələrə deyil, eyni zamanda təhsil sisteminə də təsirsiz ötüşmür. Xüsusilə “trend” kontentlərin dərs mühitinə daxil olması və şagirdlərlə yanaşı müəllimlərin də bu prosesə qoşulması müəyyən suallar yaradır. Bir müddət əvvəl sosial şəbəkələrdə tez-tez şagirdlərin bir-biri ilə dalaşdığı, müəllimlərin isə müdaxilə etməyə çalışdığı görüntülər yayılırdı. Daha sonra isə həmin şagirdlərin müəllimlərinə tort və müxtəlif hədiyyələrlə sürpriz etməsi trendə çevrilmişdi. Hətta bəzi hallarda şagirdlər müəllimlərinə şirniyyat alaraq onu gözlənilmədən masanın üzərinə və ya birbaşa əlinə qoyurdular.

Son dövrlərdə isə sosial mediada özünü “bloqer” kimi təqdim edən bəzi müəllimlərin “TikTok” platformasında baxış və izləyici toplamaq məqsədilə hazırladıqları videolara şagirdləri də cəlb etdikləri müşahidə olunur. Üstəlik, bu cür görüntülər birbaşa dərs mühitində çəkilir. Bu kontentləri izləyənlərin bir qismi müəllimlərin pozitiv yanaşmasını təqdir edərək bunun şagirdlərə müsbət təsir göstərdiyini bildirir. Digər qisim isə belə davranışların şagirdlərin diqqətini dərsdən yayındırdığını vurğulayır.

Bəs bu tendensiyalar uşaqların təhsilinə necə təsir edir? Bu yanaşma onların dərs mühitindəki psixologiyasına nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı Patrul.az-a Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov münasibət bildirib.

Psixoloqun sözlərinə görə, bu cür fəaliyyətlər müəyyən hallarda müəllimlə şagird arasında bağlılığı artırır. Lakin bu yaxınlıq heç bir halda peşəkar sərhədləri aşmamalıdır:

“Müasir dövrdə sosial medianın təhsil mühitinə daxil olması qaçılmaz reallıqdır və bu prosesin həm müsbət, həm də riskli tərəfləri var. Müəllimlərin sosial mediada aktiv olması onların kommunikasiya bacarıqlarının genişlənməsi və şagirdlərlə daha yaxın, motivasiyaedici münasibət qurmaq istəyi kimi qiymətləndirilə bilər. Xüsusilə yeniyetmə yaş dövründə müəllimin daha yaxın və anlaşılan obrazda görünməsi şagirdlərin dərsə emosional bağlılığını artıra bilər. Lakin burada əsas məsələ sərhədlərin düzgün müəyyən edilməsidir. Təhsil mühiti ilk növbədə strukturlaşdırılmış, məqsədyönlü və intellektual inkişafı təmin edən sistemdir. Əgər sosial media kontenti dərs prosesinin əsas məqsədini kölgədə qoyur, diqqəti bilikdən çox vizual effekt və populyarlığa yönəldirsə, bu artıq pedaqoji baxımdan riskli vəziyyətdir. Şagirdin diqqət mexanizmi xüsusilə həssasdır və tez-tez əyləncə yönümlü kontentlə qarşılaşdıqda onun dərsə fokuslanma qabiliyyəti zəifləyə bilər”.

media-inshot_20260319_090440210

E. Rüstəmov qeyd edir ki, bu proseslər həm müəllimləri, həm də şagirdləri müasir dövrün tələblərinə uyğunlaşdırsa da, müəllimin davranış modeli burada həlledici rol oynayır:

“Psixoloji baxımdan burada iki paralel proses gedir. Bir tərəfdən sosial təsdiq ehtiyacı həm müəllimdə, həm də şagirddə güclənir. Bəyənilmək, izlənmək və görünmək istəyi davranışın əsas motivasiyaedici faktoruna çevrilir. Digər tərəfdən isə təlimin dərinliyi azalaraq səthi qavrama ilə əvəz oluna bilər. Bu isə uzunmüddətli perspektivdə analitik düşünmə, diqqətin davamlılığı və akademik məsuliyyət kimi vacib bacarıqlara mənfi təsir göstərir. Müəllim yalnız məlumat ötürən deyil, həm də davranış modeli olan şəxsdir. Şagird müəllimin davranışını təqlid edir. Əgər müəllim sosial mediada daha çox populyarlığa fokuslanırsa, şagird də bunu uğur meyarı kimi qəbul edə bilər. Bu isə dəyərlər sistemində dəyişiklik yaradır və bilikdən çox görünürlük ön plana çıxır.

Bununla yanaşı, düzgün yanaşma ilə sosial media təhsil prosesinə inteqrasiya oluna bilər. Maarifləndirici, strukturlaşdırılmış və pedaqoji məqsədə xidmət edən kontentlər şagirdlərin marağını artırmaqla yanaşı, onların öyrənmə prosesini də dəstəkləyə bilər. Burada əsas prinsip balansdır. Sosial media vasitədir, məqsəd deyil.

Ona görə də məsələyə nə tam mənfi, nə də tam müsbət yanaşmaq doğrudur. Əsas məsələ etik çərçivənin qorunması, müəllim-şagird münasibətlərində peşəkar məsafənin saxlanılması və təhsil prosesinin əsas məqsədinin dəyişməməsidir. Bu prinsiplər qorunduğu halda sosial media təhsilə əlavə dəyər verə bilər. Əks halda isə diqqət dağınıqlığı, motivasiya dəyişiklikləri və dəyərlər sistemində sürüşmə kimi psixoloji risklər qaçılmaz olur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər