Ərdoğan: “Kıbrısda ən real həll iki dövlətin yanaşı mövcudluğudur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kıbrıs məsələsinin ən real həll yolunun adada iki dövlətin yanaşı mövcudluğundan keçdiyini bildirib. O, bu fikri Ankara şəhərində Şimali Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Patrul.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, 1968-ci ildən bəri aparılan danışıqların nəticə verməməsi, xüsusilə də 2017-ci ildə Rum tərəfinin danışıqları tərk etməsi federasiya modelinin artıq praktik olaraq tükəndiyini göstərir. Türkiyə Prezidenti vurğulayıb ki, adadakı siyasi reallıqlar nəzərə alınmadan davamlı sülhün təmin olunması mümkün deyil.
Ərdoğan qeyd edib ki, iki dövlətli yanaşma həm adada yaşayan icmaların maraqlarına, həm də bölgədə sabitliyin qorunmasına uyğun gəlir. O, Türkiyənin KKTC-yə dəstəyini davam etdirəcəyini və beynəlxalq platformalarda iki dövlətli modelin tanınması istiqamətində səylərin artırılacağını bildirib.
Mətbuat konfransında çıxış edən KKTC Prezidenti Tufan Erhürman da adada bərabər suverenlik prinsipi olmadan heç bir həllin mümkün olmadığını vurğulayıb.
Ekspertlər hesab edirlər ki, iki dövlətli model Şərqi Aralıq dənizində enerji təhlükəsizliyi və regional siyasi balans baxımından yeni müzakirələrə yol aça bilər. Azərbaycanın isə ənənəvi olaraq Türkiyənin Kıbrıs məsələsindəki mövqeyinə dəstək verdiyi qeyd olunur.
Kıbrıs probleminin gələcək inkişaf istiqamətləri beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.







