media-17788385191122271736a06ebf750935

Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda yerli sakini döyməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb.

Patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Derebahçe məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, Azərbaycan vətəndaşı, 63 yaşlı S.G. təxminən 2 aydır sözügedən mənzildə Parkinson xəstəliyindən əziyyət çəkən 88 yaşlı S.D.-yə xəstə baxıcısı kimi xidmət göstərib. Yaşlı qadının yaxınları onun bədənində və yetkinlik yaşına çatmayan şəxslərə xas olmayan ağır sifət xəsarətləri aşkarladıqdan sonra Samsun Respublika Prokurorluğuna rəsmi şikayət ərizəsi ilə müraciət ediblər.

Daxil olan müraciət əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azərbaycanlı xəstə baxıcısı şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı polis idarəsində “Qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə araşdırmalara başlanılıb.

Samsun Ədliyyəsinə sövq edilən və barəsində həbs qətimkan tədbirinin seçilməsi tələb olunan S.G. növbətçi məhkəmədə dindirilərkən ittihamları qəbul etməyib. O, ifadəsində ahıl qadının səhhətindəki problemlər səbəbindən tez-tez çarpayıdan yıxıldığını iddia edib:

“S.D. sonuncu dəfə mayın 3-nə keçən gecə çarpayıdan yıxılıb. Üzündəki xəsarətlər və göyərmələr həmin yıxılmanın nəticəsidir. Mən ona qarşı heç bir fiziki zorakılıq tətbiq etməmişəm”.

Məhkəmənin qərarı ilə S.G. barəsində həbs qətimkan tədbiri seçilməyib, onun müraciəti qismən təmin edilərək barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Qərara əsasən, azərbaycanlı qadının Türkiyəni tərk etməsinə qadağa qoyulub və onun üzərinə hər həftə müvafiq polis şöbəsinə gedərək imza vermək öhdəliyi qoyulub.

Hazırda Türkiyənin müvafiq hüquq-mühafizə orqanları tərəfindən zərərçəkmiş şəxsin xəsarətlərinin travmatik zərbə və ya yıxılma mənşəli olmasını müəyyənləşdirmək məqsədilə təyin olunmuş tibbi ekspertizanın rəyi gözlənilir.

Araşdırmalar davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər