Uçot dərəcəsinin endirilməsinə səbəb nədir? - İQTİSADÇI AÇIQLADI
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Bəs bu endirimə səbəb nədir?
Mövzu ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltması bir sıra iqtisadi və maliyyə faktorları nəzərə almaqla həyata keçirilib:
“Bu qərar həm mövcud vəziyyətin, həm də yaxın perspektivin qiymətləndirilməsi kontekstində atılmış addımdır.
Əsas səbəblərdən biri kimi inflyasiya təzyiqlərinin zəifləməsi göstərilə bilər. 2025-ci ilin ilk 11 ayı üzrə göstəricilər ötən illə müqayisədə inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Eyni zamanda, həm qlobal səviyyədə, həm də Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında mal və xidmət bazarlarında qiymət sabitliyi müşahidə olunur. Bu isə idxal inflyasiyası təzyiqlərinin azalmasına, nəticə etibarilə də daxili qiymət sabitliyinin qorunmasına şərait yaradır”.

İqtisadçı digər bir mühüm faktorun 2026-cı il dövlət büdcəsinin strukturu olduğunu söyləyib:
“Hazırda büdcə layihəsinin müzakirəsi başa çatmaq üzrədir və orada ciddi fiskal genişlənməyə gedilmədiyi görünür. Büdcə xərclərinin əhəmiyyətli dərəcədə artırılmaması, daxili alıcılıq qabiliyyəti fonunda qiymət artımı risklərini də məhdudlaşdırır. Paralel olaraq, ABŞ Federal Ehtiyat Sistemi (FED) də uçot dərəcələrini azaltmaq istiqamətində qərarlar verir. Bu, nəzərə alınmalı bir haldır, çünki Azərbaycan manatının məzənnəsi ABŞ dollarına sabitlənib. Belə şəraitdə, Mərkəzi Bankın da uçot dərəcəsini azaltması regional və qlobal tendensiyalara uyğunluq baxımından zəruri görünür.
Bundan başqa, ölkəmizdə kredit faizlərində müşahidə olunan artım meyillərinə qarşı müəyyən tarazlaşdırıcı tədbirlərə ehtiyac var. Uçot dərəcəsinin azaldılması bu istiqamətdə gözləntilərin yumşaldılması və bazarda faizlərin enməsinə dolayı təsir göstərmək məqsədi daşıyır. Xüsusilə də banklararası pul bazarında aparılan islahatlar nəticəsində Mərkəzi Bankın bu bazarlara təsir imkanları genişlənib. Faizlərin bu bazarda aşağı düşməsi, orta və uzunmüddətli perspektivdə kredit faizlərinin də azalmasına təkan verə bilər. Bu isə, növbəti mərhələdə real sektorun maliyyələşmə imkanlarının genişlənməsi baxımından müsbət hal kimi dəyərləndirilə bilər.
Nəticə etibarilə, Mərkəzi Bankın bu qərarı mövcud iqtisadi indikatorların – inflyasiya, fiskal siyasət, qlobal faiz dinamiki və daxili maliyyə bazarındakı tendensiyaların təhlili əsasında verilib. Qısamüddətli dövr üçün bu qərar həm mülayim monetar siyasət siqnalı verir, həm də 2026-cı ilə pozitiv gözləntilərin olduğunu göstərir. Bu da öz növbəsində iqtisadi sabitliyin qorunması və maliyyə bazarlarında risklərin idarə olunması baxımından müsbət qiymətləndirilə bilər”.
Ləman Sərraf






