media-file_00000000f6a0821084504bbeef40cfe6

Yaxın Şərqdə hərbi cəbhə genişlənir. İndi isə İran və Ukrayna arasında gərginlik artıb. Buna səbəb Ukrayna ordusunun Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücumu nəticəsində bir dənizçinin həlak olması olub. Buna sərt bəyanatlarla reaksiya verən İranın xarici işlər naziri Abbas Əraqçi hücumun cavabsız qalmayacağını bildirib.

Ukrayna tərəfi gəminin İranla Rusiya arasında hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia etsə də, İran hücuma məruz qalan gəminin hərbi deyil, mülki ticarət gəmisi olduğunu bildirir. Hücumu Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.

Maraqlıdır, Yaxın Şərqdə onsuz da gərgin vəziyyət hökm sürdüyü bir vaxtda İran və Ukrayna arasında da yeni qarşıdurma və ya yeni cəbhənin açılması mümkündürmü?

Bununla bağlı Patrul.az-a öz şərhini verən politoloq Turan Rzayev bildirib ki, İran və Ukrayna arasında uzun müddətdir dolayı yollarla müharibə gedirdi:

“Əslinə qalsa, İran və Ukrayna dolayı yollarla illərdir ki, bir-biri ilə müharibə aparır. Belə ki, Tehran hökuməti “Şahed” dronlarını Rusiyaya satırdı. Kreml də bu ticarət sayəsində Ukrayna ilə dron üstünlüyünü müəyyən qədər balanslaşdıra bilmişdi. Əslində, Rusiyanın Ukraynaya endirdiyi zərbələrin bir çoxunda “Şahed” dronlarından istifadə olunub. Bu baxımdan Ukraynanın indi Xəzərdə İranın gəmilərini vurması vaxtilə Rusiyaya göstərdiyi hərbi dəstəyə verilən cavabdır”.

Ekspertin sözlərinə görə, Kiyev hökumətinin İran gəmisini hədəfə almasında ABŞ-nin də rolu ola bilər:

“Fikrimcə, bu hücumlar ABŞ-nin istəyi ilə də baş tutub. Vaşinqton faktiki olaraq İranı Xəzər dənizindən də sıxışdırır. Necə ki, Ukrayna Rusiyanın Xəzər dənizindəki obyektlərini vura bilirdi, indi də İrana zərbələr endirərək ABŞ-yə dəstək verməyə məcbur qalıb. Çünki əks təqdirdə ABŞ Ukraynaya dəstəyini azaltma ehtimalına malikdir. Bunu isə Kiyev istəmir. Fikrimcə, bu baxımdan belə proseslərin baş verməsi gözlənilən idi”.

media-inshot_20260727_154354974

Həmsöhbətimizin fikrincə, bu qarşıdurma gələcəkdə İranın Ukrayna ərazisinə zərbələr endirməsi ilə nəticələnə bilər:

“İran tərəfi gəmisinə Ukrayna tərəfindən edilən hücuma cavab olaraq Rusiyaya dron satışını daha da artıra bilər. İkinci cavab variantı isə uzaqmənzilli raketlərlə Ukraynaya məxsus hədəflərə zərbələr endirilməsi ola bilər. Lakin İranın bu məqsədlə kifayət qədər uzaqmənzilli raketlərə sahib olub-olmadığını demək çətindir. Hər halda, gələcəkdə Ukraynaya İrandan zərbələrin endirilməsinin şahidi ola bilərik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər