media-file_0000000048d8820abfa323d23130b2f2

Son illərdə Azərbaycanda onlayn alış-verişin sürətlə yayılması ilə birlikdə “İndi al, sonra ödə” (Buy Now, Pay Later – BNPL) sistemi də getdikcə daha geniş istifadə olunmağa başlayıb. Bu model alıcılara məhsulu dərhal əldə edib ödənişi hissə-hissə və ya müəyyən müddət sonra etməyə imkan verir.
Bəs “İndi al, sonra ödə” sistemi vətəndaşı borca sürükləyir, yoxsa bu, sadəcə düzgün istifadə edilmədikdə risk yaradan maliyyə alətidir? Bu model istehlakçı davranışına necə təsir edir və istifadəçilər hansı məqamlara diqqət etməlidirlər?

Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Patrul.az-a açıqlamasında bildirib ki, “İndi al, sonra ödə” (Buy Now, Pay Later – BNPL) modeli düzgün istifadə edildikdə faydalı maliyyə aləti olsa da, məsuliyyətsiz yanaşma borclanma riskini artıra bilər.

Onun sözlərinə görə, “İndi al, sonra ödə” (Buy Now, Pay Later) sistemi özlüyündə vətəndaşı borca sürükləyən maliyyə aləti deyil:

“Risk onun necə istifadə olunmasından yaranır. Əgər istehlakçı gəlir imkanlarını düzgün qiymətləndirmədən ardıcıl öhdəliklər götürürsə və impulsiv alış-veriş edirsə, bu, borclanma riskini əhəmiyyətli dərəcədə artıra bilər. Digər tərəfdən, maliyyə intizamı olan şəxslər üçün BNPL büdcənin daha səmərəli idarə olunmasına kömək edə bilər. Xüsusilə faizsiz ödəniş imkanları təqdim edildikdə, istehlakçı əlavə maliyyə yükü olmadan zəruri məhsulları əldə edə bilir”.

Elnur Quliyev qeyd edib ki, bu model istehlakçı davranışına da birbaşa təsir göstərir:

“Bu model istehlakçı davranışına da təsir göstərir. Ödənişin təxirə salınması məhsulun real dəyərinin psixoloji olaraq daha az hiss edilməsinə səbəb olur və nəticədə planlaşdırılmamış alış-verişlərin sayı arta bilər. Buna görə də BNPL xidmətlərindən istifadə edərkən maliyyə intizamını qorumaq və gələcək ödəniş öhdəliklərini əvvəlcədən planlaşdırmaq vacibdir”.

media-img-20260713-wa0072

İqtisadçı istehlakçıların diqqət etməli olduğu əsas məqamları sadalayıb:

-Müqavilə şərtlərini tam oxumaq, xüsusilə gecikmə cərimələri, əlavə komissiyalar və digər ödənişlərlə bağlı bəndləri diqqətlə nəzərdən keçirmək;
-Aylıq ödənişlərin şəxsi və ya ailə büdcəsinə uyğun olub-olmadığını əvvəlcədən qiymətləndirmək;
-Emosional və impulsiv alış-veriş qərarları verməmək;
-Bu maliyyə alətindən yalnız həqiqətən ehtiyac duyulan məhsul və xidmətlər üçün istifadə etmək;
-Ödəniş tarixlərini izləmək və gecikmələrin əlavə maliyyə xərclərinə səbəb ola biləcəyini nəzərə almaq”.

Həmsöhbətimiz sonda vurğulayıb ki, BNPL sistemindən istifadə zamanı əsas məsələ maliyyə intizamını qorumaqdır:

“Nəticə etibarilə, ‘İndi al, sonra ödə’ sistemi düzgün maliyyə planlaması ilə faydalı alət ola bilər. Lakin gəlirdən artıq öhdəlik götürmək və eyni vaxtda bir neçə hissəli ödənişə qoşulmaq istehlakçını maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Əsas məsələ bu alətdən məsuliyyətli, məlumatlı və düşünülmüş şəkildə istifadə etməkdir”.

Ləman Sərraf


Bənzər xəbərlər