Ağcaqanadlar niyə məhz sizi sancır? - Səbəb “şirin qan” deyilmiş
Yay gəlib, havalar isinib. Günəşli günlər və açıq havada keçirilən vaxt artsa da, mövsümün ən arzuolunmaz “qonaqları” – ağcaqanadlar də artıq aktivləşib. Eyni məkanda bir neçə insan olsa da, bəzən ağcaqanadlar yalnız bir nəfəri hədəf seçir. Digərləri gecəni rahat keçirərkən, həmin şəxsin bədənində səhərədək bir neçə sancma izi yaranır. Bu zaman tez-tez “Qanı şirindir, ona görə sancırlar” deyilir. Lakin elmi açıqlama tamamilə başqadır.
Patrul.az-ın araşdırmasına görə, mütəxəssislər ağcaqanadların bəzi insanlara daha çox yaxınlaşmasına nəfəs, bədən temperaturu, dəri qoxusu və orqanizmdə baş verən bioloji dəyişikliklərin təsir etdiyini bildiriblər.
Nəfəsiniz ağcaqanadları sizə yönəldə bilər.
İnsanları sancan ağcaqanadlar dişilərdir. Onlar yumurtalarının inkişafı üçün lazım olan qidaları əldə etmək məqsədilə qana ehtiyac duyurlar. Dişi ağcaqanadlar insan nəfəsi ilə havaya yayılan karbon qazını hiss edə və onun mənbəyinə doğru yönələ bilirlər.
Bəzi insanların orqanizmi daha çox karbon qazı ifraz edə bilər. Buna bədən ölçüsü, fiziki aktivlik və metabolizmanın sürəti təsir göstərir. Bu isə həmin insanları sivrisineklər üçün daha asan hədəfə çevirə bilər.
İdmandan sonra ağcaqanadların hədəfi siz ola bilərsiniz.
Fiziki aktivlik zamanı nəfəsalma sürətlənir, bədən temperaturu yüksəlir və tərləmə artır. Bədəndəki istilik və rütubət də ağcaqanadların diqqətini cəlb edən amillər sırasındadır.
Hamiləlik dövründə isə metabolik ehtiyacların artması, nəfəs həcminin və bədən temperaturunun yüksəlməsi səbəbindən qadınlar ağcaqanadlar üçün daha cəlbedici ola bilər.
Dərinizin qoxusu da rol oynayır.
Hər insanın özünəməxsus dəri qoxusu var. Bu, sadəcə tər qoxusu deyil. Dəridə yaşayan mikroorqanizmlərin fəaliyyəti və bədənin ifraz etdiyi müxtəlif üzvi birləşmələr hər insanda fərqli kimyəvi qoxu yaradır.
Məhz bu fərdi qoxu da ağcaqanadların seçimində rol oynaya bilər.
Beləliklə, ağcaqanadların sizi daha çox sancmasının səbəbi heç də “şirin qanınızın” olması deyil. Bəzən sadəcə nəfəsiniz, bədən temperaturunuz və dərinizdən yayılan fərdi qoxu sizi onların radarına daha tez sala bilər.
Sevinc Yarməmmədova






