Ulduz kiçik, planet böyük – Kainatda gözlənilməz kəşf
Kiçik ulduzun ətrafında fırlanan nəhəng planet alimləri təəccübləndirib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, alimlər Süd Yolunda “TOI-6894” adlı çox az kütləyə malik qırmızı kiçik ulduzun orbitində dövr edən qaz nəhəngi planet kəşf ediblər. Bu, belə tip ulduz ətrafında aşkarlanan ən iri planetlərdən biri hesab olunur.
“Nature Astronomy” jurnalında dərc olunan beynəlxalq araşdırmaya əsasən, “TOI-6894” ulduzunun ətrafında Saturndan bir qədər böyük radiusa malik, lakin kütləsi Saturndan az olan bu planet hər üç gündən bir ulduzun orbitini tamamlayır.
Tədqiqatın həmmüəllifi Daniel Bayliss kəşfə barədə bunları deyib:
“Bu qədər az kütləyə malik bir ulduzun belə nəhəng bir planetə sahib olması bizim üçün anlaşılmazdır. Bu, planet sistemlərinin necə yarandığını anlamağa yönəlmiş tədqiqatlarımız üçün əsl fürsətdir”.
Qeyd edək ki, planetin təqribən 150°C-lik aşağı temperaturu onun atmosferində ammonyakın müşahidə oluna biləcəyini ehtimal etdirir. Bu maddənin ekzoplanet atmosferində ilk dəfə aşkar edilə biləcəyi gözlənilir.






