media-shop_banco-az_1_5

Onlayn sifarişlərin artması ilə birlikdə vətəndaşlar artıq təkcə məhsul deyil, şəxsi məlumatlarını da, ad, telefon nömrəsi və hətta ünvan giriş kodlarını kuryer şirkətləri ilə paylaşırlar. Bu isə məlumatların sızması və ya sui-istifadə riski məsələsini gündəmə gətirir. Bəs qanunvericilik bu hallarda vətəndaşı necə qoruyur və hüquqi baxımdan hansı addımlar atıla bilər?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, şəxsi məlumatlar yalnız çatdırılma üçün istifadə olunmalı və hər hansı sui-istifadəyə görə şirkət qanun qarşısında məsuliyyət daşıyır:

“Onlayn alış-veriş platformaları və kuryer xidmətlərinin kütləvi yayılması şəraitində vətəndaşların çatdırılma prosesi zamanı ötürdükləri şəxsi məlumatların ünvan, telefon nömrəsi, ad-soyad, giriş kodları qorunması məsələsi getdikcə daha böyük hüquqi əhəmiyyət kəsb edir. Bu münasibətlər bilavasitə Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu, Mülki Məcəllənin müqavilə məsuliyyətinə dair normaları və istehlakçıların hüquqlarını tənzimləyən qanunvericilik çərçivəsində qiymətləndirilir. Hüquqi baxımdan kuryer xidməti göstərən şirkət müştərinin şəxsi məlumatlarını yalnız çatdırılma xidmətinin icrasına münasib həcmdə toplamaq, saxlamaq və işləmək hüququna malikdir; məlumatların hər hansı başqa məqsədlə istifadəsi, o cümlədən kuryerin şəxsi istifadəsi qanunun açıq pozuntusu sayılır.

Məsələnin əsas hüquqi mahiyyəti ondan ibarətdir ki, vətəndaş öz şəxsi məlumatlarına münasibətdə mülkiyyətçi kimi qorunur və bu məlumatların toplanmasına verdiyi razılıq yalnız müəyyən məqsəd üçün etibarlıdır. “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə görə, məlumatları toplayan tərəf bu halda kuryer şirkəti həmin məlumatların məxfiliyini, bütövlüyünü və məqsədyönlü istifadəsini təmin etməyə borcludur. Əgər kuryer çatdırılma prosesindən kənar məqsədlər üçün məsələn, müştərini sonradan zəng edərək taciz etmək, ünvanı üçüncü şəxslərə ötürmək və ya giriş kodundan sui-istifadə etmək məqsədi ilə məlumatlardan istifadə edərsə, bu, həm şirkətin müqavilə öhdəliklərini pozması, həm də qanunvericiliklə müəyyən edilmiş məxfilik hüququnun birbaşa pozulması kimi qiymətləndirilir. Sübutetmə yükü baxımından şirkət məlumatların qanunla müəyyən edilmiş qaydada işləndiyini sübuta yetirməyə borcludur, vətəndaş isə pozuntunun baş verdiyini göstərən ilkin faktları ortaya qoymaqla şikayət mexanizminə əl ata bilər”.

media-media-media-img-20260420-wa0025-bft3m0-tyeuw9

R.Əzimzadə qeyd edir ki,vətəndaş şəxsi məlumat riskini azaltmaq üçün profilaktik tədbirlər görməli, sızma olduqda isə şikayət, məhkəmə və zərurət yaranarsa hüquq-mühafizə orqanlarına müraciət etməklə hüquqlarını müdafiə edə bilər:

“Praktik müstəvidə isə vətəndaşın bir sıra profilaktik və reaktiv hüquqi alətlərdən istifadə etmək imkanı mövcuddur. Sifariş zamanı giriş kodlarını mətn şəklində yazmaq əvəzinə birbaşa kuryer gəldikdə şifahi bildirmək, hər çatdırılma üçün ayrıca, müvəqqəti telefon nömrəsi və ya gizlədilmiş ünvan funksiyasından istifadə etmək bu hüquqi riskin minimuma endirilməsinin ən sadə yoludur. Əgər məlumat sızması baş vermişsə, vətəndaşın şirkətdən rəsmi izahat tələb etmək, Fərdi Məlumatların Mühafizəsi üzrə səlahiyyətli dövlət orqanına şikayət etmək və dəymiş mənəvi və ya maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Açıq cinayət əlamətləri məsələn, kuryerin əldə etdiyi giriş kodu vasitəsilə mənzilə icazəsiz daxil olması,müəyyən edildikdə isə məsələ artıq Cinayət Məcəlləsinin müvafiq maddələri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.

Hüquqşünasın sözlərinə görə, şəxsi məlumatlar yalnız çatdırılma üçün istifadə olunmalı və qorunmasına görə şirkət məsuliyyət daşıyır, vətəndaş isə hüquqlarını şikayətlə müdafiə edə bilər:

“Məsələnin yekun hüquqi izahı ondan ibarətdir ki, vətəndaşın çatdırılma xidməti ilə bağlı ötürdüyü şəxsi məlumatlar yalnız bu xidmətin icrası ilə məhdudlaşan müvəqqəti etibar əsasında paylaşılır; şirkət həmin məlumatları qorumaqla bağlı həm müqavilə, həm də qanundan irəli gələn ikili məsuliyyət daşıyır. Rəqəmsal xidmətlərin inkişafı ilə paralel olaraq şəxsi məlumatların mühafizəsi sahəsindəki qanunvericilik çərçivəsi də gücləndirilməkdə olsa da, vətəndaşın ən mühüm müdafiə mexanizmi şikayət hüququnu vaxtında və düzgün qaydada istifadə etməkdən keçir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər