media-inshot_20260518_162308796

Uşaq ağlayırsa, bu həmişə problem demək deyil. Bəzən əksinə bu, onun psixikasının sağlam işlədiyini göstərir. Mütəxəssislər bildirirlər ki, xüsusilə kiçik yaşlarda qışqırıq, ağlama və sinir krizləri uşaqların emosiyalarını idarə etməyi hələ tam öyrənmədiklərinin təbii göstəricisidir. Problem isə çox vaxt uşağın reaksiyasında yox, böyüklərin buna münasibətində başlayır.

Patrul.az-ın məlumatına görə, psixoterapevt İrina Kraşkina “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, valideynlərin ən böyük səhvlərindən biri uşağın ağlamasını şəxsi uğursuzluq kimi qəbul etməsidir. Halbuki azyaşlı üçün gözyaşı emosional rahatlama üsuludur. Qorxu, yorğunluq, inciklik və ya həddindən artıq həyəcan kimi güclü hislər uşağın daxilində toplandıqda, onun bunu sözlə yox, davranışla ifadə etməsi tam normaldır.

Xüsusilə 4-5 yaşa qədər uşaqlarda emosional partlayışlar psixi inkişafın təbii mərhələsi sayılır. Çünki həmin dövrdə beynin özünü nəzarətdə saxlamağa cavabdeh olan hissələri tam formalaşmır. Başqa sözlə, uşaq hirslənməməyi istəmədiyi üçün yox, hələ bunu bacarmadığı üçün ağlayır və qışqırır. Elə buna görə də psixoloqlar valideynlərə “susdurmağa” yox, “müşayiət etməyə” fokuslanmağı tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, uşağın emosiyalarının pik həddində ona məntiq izah etmək demək olar ki, nəticə vermir. “Ağlama”, “qışqırma”, “bunda nə var ki?” kimi cümlələr uşağı sakitləşdirmək əvəzinə onun daxili gərginliyini daha da artıra bilər. Çünki azyaşlı həmin an öz hislərinin qəbul edilmədiyini düşünür. Bu isə zamanla emosiyalarını gizlətməyə və ya öz duyğularına şübhə ilə yanaşmağa səbəb ola bilər.

Psixoterapevt vurğulayır ki, belə anlarda uşağın ən çox ehtiyac duyduğu şey nə cəza, nə uzun nəsihət, nə də sərt intizamdır. Ona lazım olan əsas hiss təhlükəsizlikdir. Valideynin sakit tonu, yanında olması və emosional sabitliyi uşağın sinir sisteminə birbaşa təsir göstərir. Uşaq böyüyün sakitliyindən örnək götürərək tədricən özünü toparlamağa başlayır.

Maraqlıdır ki, uşağın davranışından çox, valideynin həmin anda nə qədər yorğun və gərgin olması prosesin necə nəticələnəcəyini müəyyən edir. Əgər böyük tez əsəbiləşir, aqressiv reaksiya verir və ya özünü idarə etməkdə çətinlik çəkirsə, bu çox vaxt emosional tükənmənin siqnalı olur. Mütəxəssislər hesab edir ki, valideynin öz psixoloji vəziyyətinə diqqət ayırması uşağın tərbiyəsinin bir hissəsidir. Çünki emosional olaraq tükənmiş insanın sakit və dözümlü qalması çətindir.

Ekspertlər “ideal valideyn” anlayışının da reallıqdan uzaq olduğunu deyirlər. Uşağın xarakteri, yaş dövrü, mühiti və fərdi xüsusiyyətləri onun davranışına təsir edən əsas amillərdəndir. Bu səbəbdən hər ağlamağı faciə, hər qışqırığı tərbiyəsizlik kimi görmək düzgün deyil.

Bəzən valideynin edə biləcəyi ən güclü şey problemi dərhal həll etmək yox, sadəcə həmin an uşağın yanında qalmaqdır.

Ləman Sərraf


Bənzər xəbərlər