Uşaqlar niyə cinayət törədir? - Psixoloq günahkarları SADALADI
Son zamanlar Azərbaycanda azyaşlı uşaqların iştirakı ilə cinayət hadisələrinin sayı artmaqda davam edir. Statistikalar göstərir ki, artıq əvvəlki illərə nisbətən daha gənc yaşda olan uşaqlar həm bir-birilərinə, həm də böyüklərə qarşı zorakı hərəkətlərə yol verirlər. Məsələn, yaxınlarda 7 yaşlı uşaq 12 yaşlı həmyaşıdından 19 bıçaq zərbəsi alıb, eləcə də bu gün “İdrak” liseyində 15 yaşlı şagird müəllimini tüfənglə güllələyib.
Bəs cəmiyyətdə azyaşlıların zorakı davranışlara meyilliliyinin artmasının əsas səbəbləri nələrdir?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, azyaşlıların zorakı davranışlara meyilliliyi əsasən ailə mühiti və informasiya mühitindən formalaşan emosional gərginlik və yanlış sosial modellərlə bağlıdır:
“Son dövrlərdə azyaşlıların zorakı davranışlara daha tez meyillənməsi təkcə ayrı-ayrı ailələrin və ya məktəblərin problemi deyil. Bu, cəmiyyət, sosial münasibətləri, dəyərlər sistemini və uşaqların yetişdiyi mühiti əks etdirən çoxşaxəli bir məsələdir. İlk növbədə, ailə mühitinin rolu xüsusi qeyd olunmalıdır. Uşağın ilk sosiallaşdığı məkan ailədir və onun emosional təhlükəsizliyi, özünü dəyərli hiss etməsi, problemlərini rahat ifadə edə bilməsi burada formalaşır. Ailədə davamlı münaqişələr, aqressiv ünsiyyət tərzi, laqeydlik, valideynlərin uşağa kifayət qədər vaxt və diqqət ayırmaması uşağın daxilində yığılan gərginliyi artırır. Bu gərginlik vaxtında düzgün şəkildə yönləndirilmədikdə, zorakı davranış kimi üzə çıxa bilər. Xüsusilə emosional dəstəkdən məhrum olan uşaqlar problemlərini sözlə deyil, davranışla ifadə etməyə meylli olurlar.
Digər mühüm amil informasiya mühitidir. Müasir dövrdə uşaqlar çox erkən yaşlardan sosial şəbəkələrə, müxtəlif video platformalara və oyunlara çıxış əldə edirlər. Bu mühitdə zorakılığın bəzən qəhrəmanlıq, güc və nüfuz simvolu kimi təqdim edilməsi uşaqların şüuraltında yanlış modellər formalaşdırır. Real həyatla virtual dünya arasındakı sərhədi hələ tam ayırd edə bilməyən yeniyetmələr gördüklərini təqlid etməyə daha açıq olurlar. Nəticədə empatiya hissi zəifləyir, başqasının ağrısını anlama qabiliyyəti azalır”.
E. Rüstəmov vurğulayır ki, məktəb mühiti və yeniyetməlik dövründə emosional dəstəyin çatışmazlığı uşaqlarda aqressiyanın və zorakı davranışların artmasına səbəb ola bilər:
“Məktəb mühiti də bu prosesdə əsas rol oynayır. Uşağın özünü təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdiyi məktəb zorakılığın qarşısını alan mühüm faktordur. Lakin akademik təzyiqin həddindən artıq olması, müəllim-şagird münasibətlərində emosional bağın zəifliyi, psixoloji xidmətlərin kifayət qədər güclü olmaması uşaqların daxili problemlərinin görünməz qalmasına səbəb olur. Bəzən uzun müddət təhqirə, lağa qoyulmaya və ya sosial təcridə məruz qalan uşaqlar bu ağrını susaraq yaşayar, bir gün isə partlayış formasında ortaya qoyar.
Psixoloji baxımdan yeniyetməlik dövrü xüsusilə risklidir. Bu mərhələdə şəxsiyyət formalaşır, özünü təsdiqetmə ehtiyacı artır, emosiyalar daha kəskin yaşanır. Uşaq kim olduğunu, cəmiyyətdə harada durduğunu anlamağa çalışır. Əgər bu dövrdə sağlam rol modelləri, dəstəkverici mühit və düzgün istiqamətləndirmə yoxdursa, aqressiya özünü təsdiqetmə vasitəsinə çevrilə bilər. Bəzi hallarda zorakı davranış “məni görün”, “məni ciddiyə alın” mesajının yanlış forması olur”.
Psixoloqun sözlərinə görə, azyaşlılar arasında zorakılığın qarşısını yalnız cəzalandırmaqla deyil, ailə, məktəb və cəmiyyətin birgə dəstəyi və kompleks tədbirlərlə almaq mümkündür:
“Bütün bunlar göstərir ki, azyaşlılar arasında zorakılığın artması yalnız “uşağın xasiyyəti” ilə izah edilə bilməz. Bu, ailə, məktəb, media və cəmiyyətin qarşılıqlı təsiri nəticəsində formalaşan bir problemdir. Qarşısının alınması üçün də kompleks yanaşma lazımdır. Ailələrdə valideyn maarifləndirilməsi gücləndirilməli, uşaqlarla açıq və etibarlı ünsiyyət qurulmalıdır. Məktəblərdə psixoloji xidmətlər daha sistemli işləməli, risk qrupunda olan uşaqlar erkən mərhələdə müəyyənləşdirilməlidir. Media və sosial platformalarda uşaqlar üçün təhlükəsiz məzmunun təşviqi vacibdir. Eyni zamanda, uşaqlara emosiyalarını tanımaq, idarə etmək və problemlərini zorakılıqsız yollarla həll etmək bacarıqları öyrədilməlidir.
Unutmamalıyıq ki, hər bir zorakı davranışın arxasında çox vaxt eşidilməyən bir ağrı, görülməyən bir ehtiyac dayanır. Biz uşaqları yalnız cəzalandırmaqla deyil, onları anlamaqla, vaxtında dəstək verməklə və sağlam mühit yaratmaqla bu risklərin qarşısını ala bilərik. Bu, təkcə bir ailənin və ya bir məktəbin deyil, bütün cəmiyyətin məsuliyyətidir”.
Cəmilə Cəfərzadə






