media-photo-output

Son dövrlərdə azyaşlı uşaqlar arasında telefon və kompüter oyunlarına aludəçilik sürətlə artıb. Rəqəmsal mühitdə saatlarla vaxt keçirən uşaqların real ünsiyyətdən uzaqlaşdığı, sosial bacarıqlarında isə müəyyən geriləmələrin müşahidə olunduğu qeyd edilir.

Bəs rəqəmsal oyunlara aludəçiliyin artması uşaqların sosial inkişafına necə təsir edir və valideynlər bu prosesin qarşısını hansı yollarla ala bilər?

Bu barədə sosioloq Elçin Bayramlı Patrul.az-a açıqlamasında bildirib ki, uşaqların telefon və kompüter oyunlarına həddindən artıq meyli onların psixoloji və fiziki sağlamlığına ciddi zərər vurur:

“Son vaxtlar uşaqlar arasında kompüter və telefon oyunlarının həcmi xeyli artıb. Uşaqlar daha çox bu cihazlara vaxt ayırır və bu, onların psixologiyasına, sağlamlığına mənfi təsir göstərir. Uzun müddət ekran qarşısında qalmaq gözlərə zərər vurur. Bəzi oyunlar aqressivlik yaradır, mənfi elementləri təbliğ edir və uşağın davranışına təsir edir. Aydındır ki, faydalı oyunlar da mövcuddur – konstruktiv, yaradıcı və düşünmə bacarığını inkişaf etdirən oyunlar. Buna görə valideynlər daha diqqətli olmalıdır. İlk növbədə, uşağın ekran qarşısında keçirdiyi vaxt məhdudlaşdırılmalıdır. Gündə yarım saat və ya maksimum bir saat yalnız faydalı oyunlara icazə verilməlidir. Ümumiyyətlə, aqressiv, qorxulu, qanlı və döyüş xarakterli oyunlardan uşaqları uzaq tutmaq vacibdir. Bu cür oyunlar uşağın psixikasını pozur, aqressivliyi artırır və ölüm kimi anlayışları adi hala çevirir. Bu isə ciddi bir problemdir.”

Sosioloq əlavə edib ki, bu məsələnin həllində əsas məsuliyyət valideynlərin üzərinə düşür:

“Uşağı başından etmək üçün ona saatlarla telefon vermək düzgün deyil. Valideyn uşağın asudə vaxtını özü təşkil etməlidir: evdə stolüstü oyunlar oynamaq, intellektual tapşırıqlar vermək, onu həyətə və ya parka aparmaq, idman qurğularından istifadə etdirmək, velosiped sürməyə şərait yaratmaq mümkündür. Uşaqların təbiətdə vaxt keçirməsi, idmanla və yaradıcı fəaliyyətlə məşğul olması vacibdir ki, virtual asılılıq yaranmasın. Çünki virtual oyunların böyük əksəriyyəti uşaqların psixologiyası üçün təhlükəlidir.”

Elçin Bayramlı həmçinin bildirib ki, həm valideynlər, həm də cəmiyyət bu məsələyə ciddi yanaşmalıdır:

“Valideynlər bu məsələyə xüsusi diqqət etməlidir, əks halda alimlərin və psixoloqların araşdırmalarının da göstərdiyi kimi, gələcəkdə ciddi fəsadlar ortaya çıxa bilər. Dövlət tərəfindən maarifləndirmə aparılması, zərərli oyun və materialların ölkəyə daxil olmasına və internetdə yayılmasına məhdudiyyət qoyulması məqsədəuyğundur. Kompüter salonlarında nəzarət gücləndirilməli, psixoloqların iştirakı ilə oyunların təsiri araşdırılmalı və zərərli oyunlar siyahıdan çıxarılmalıdır. Media və televiziya mövzunu gündəmdə saxlamalıdır ki, ictimaiyyət problemin ciddiliyini dərk etsin. Əgər gələcəyimizi qorumaq istəyiriksə, uşaqlarımızın sağlam psixologiya ilə böyüməsini təmin etməliyik.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər