Aşura mərasimlərində uşaqlar: mənəvi tərbiyə, yoxsa psixoloji risk?
Hər il olduğu kimi bu il də Məhərrəm ayının 10-cu günü, yəni bu gün Azərbaycanda Aşura mərasimi keçirilir. Qətlə yetirilən imamların və onların yaxınlarının yasını tutmaq üçün hər il məscidlərə üz tutulur.
Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını özləri ilə birgə dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur.
Təbii ki, azyaşlıların Aşura mərasimlərinə aparılması məsələsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib.
Dövlət qurumları da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verir. Lakin Aşura mərasimlərindən olan foto və video görüntülərdə yenə də valideynlərin uşaqları ilə birlikdə iştirakının şahidi oluruq.
Yeniyetməlik dövrünə çatmayan uşaqlar bir çox hallarda nə baş verdiyini anlamır və mərasimi qorxu və həyəcanla izləyirlər. Əslində isə Aşuranın nə üçün keçirildiyini belə bilmirlər.
Bəs bu cür mərasimlər uşaqların psixologiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov ilk növbədə qeyd edib ki, dini və mənəvi dəyərlərin uşaqlara ötürülməsi hər bir ailənin hüququ və seçimidir:
“Eyni zamanda, bu proses uşağın yaş xüsusiyyətləri, emosional hazırlığı və psixoloji təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Məsələ dini mərasimə aparmaqdan daha çox, bunun hansı formada və hansı şəraitdə baş verməsi ilə bağlıdır.
Uşaqlar xüsusilə məktəbəqədər və kiçik məktəb yaşlarında gördükləri hadisələri böyüklər kimi analiz edə bilmirlər. Onlar emosional atmosferi daha güclü hiss edirlər. Əgər uşaq izdiham, yüksək səs, ağlama, kədər və ya emosional gərginliyin yüksək olduğu bir mühitdə olarsa, bunu tam mənalandıra bilmədiyi üçün qorxu, narahatlıq və çaşqınlıq yaşaya bilər. Bu isə həssas uşaqlarda uzun müddət davam edən emosional gərginliyə səbəb ola bilər. Digər tərəfdən, dini dəyərlərlə tanışlıq uşağın mənəvi inkişafına da müsbət töhfə verə bilər. Mərhəmət, paylaşmaq, səbir, başqasının ağrısını anlamaq, xeyirxahlıq kimi universal dəyərlər uşaqlara sağlam şəkildə izah edildikdə onların şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan əsas diqqət uşağın qorxu hissi ilə deyil, anlayış və mənəvi dəyərlərlə tanış olmasına yönəlməlidir”.

Psixoloqun məsləhətinə görə, valideynlər uşağı belə tədbirlərə apararkən onun yaşını, temperamentini və emosional vəziyyətini nəzərə almalıdırlar:
“Çox kiçik yaşlı uşaqları uzun müddət izdihamlı və emosional cəhətdən gərgin mərasimlərdə saxlamaq məqsədəuyğun deyil. Əgər uşaq hər hansı hadisədən narahat olarsa, valideyn onun suallarını sakit və yaşına uyğun dillə cavablandırmalı, onda əlavə qorxu yaratmamalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, uşaqlar dini inancları ilk növbədə valideynlərinin davranışından öyrənirlər. Onlar deyilən sözlərdən daha çox böyüklərin münasibətini müşahidə edirlər. Buna görə də dini tərbiyənin əsasında sevgi, hörmət, mərhəmət və təhlükəsizlik hissi dayanmalıdır”.
“Uşaqları Aşura günü və ya digər dini mərasimlərə aparmağın özü psixoloji baxımdan avtomatik olaraq zərərli və ya faydalı hesab edilə bilməz. Hər şey uşağın yaşı, mərasimin məzmunu, təqdimat forması, mühitin emosional yükü və valideynin bu prosesi necə idarə etməsindən asılıdır. Əsas məqsəd uşağın psixoloji təhlükəsizliyini qorumaq, onda qorxu deyil, sağlam mənəvi dəyərlər və empatiya formalaşdırmaq olmalıdır”,- deyə o, fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






