media-552f5067-801e-4069-9b07-aeffee05d238

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü, digər şəxsin isə ağır xəsarət alması ilə nəticələnən qəza üzrə təqsirləndirilən, sosial şəbəkələrdə “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Patrul.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən proses təqsirləndirilən şəxsin müdafiəçiləri Hikmət Əliyev və Fərid Həsənovun məhkəmə iclasına gəlməməsi səbəbindən təxirə salınıb.

Məhkəmənin yekun iclası 2 iyul tarixinə təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə çıxışında məhkəmədən İlduzə Hacıyevanın 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini, həmçinin məhkəmə zalında həbs edilərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyun ayında Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfdən bir nəfər həyatını itirib, digər şəxs isə ağır bədən xəsarətləri alıb.

İstintaq dövründə İlduzə Hacıyeva barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü maddəsi (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) ilə ittiham irəli sürülüb.

Bu arada, İlduzə Hacıyeva Patrul.az-a eksklüziv açıqlamasında bildirib ki, hadisədən təxminən altı ay sonra qarşı tərəfin ondan şikayətçi olduğunu öyrənib. Himayəsində dörd azyaşlı övladının, o cümlədən autizmli bir övladının olduğunu qeyd edən tiktoker, ölkə başçısı İlham Əliyevə müraciət edərək işinə qanun çərçivəsində və ədalətli şəkildə baxılmasını xahiş edib.

Qeyd edək ki, məhkəmə araşdırması davam edir və yekun qərar hələ qəbul edilməyib.


Bənzər xəbərlər