"Uşaqların emosional vəziyyətindən “sensasiya” çıxarmaq cəmiyyətə informasiya vermək yox, psixoloji risk yaratmaqdır" - TİHA sədri
Bu gün Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi öz riyaziyyat müəllimini güllələyib. Hadisə baş verən əraziyə gələn media nümayəndələri təhlükəli vəziyyətlə bağlı məlumat toplamaq üçün məktəbin aşağı sinif şagirdlərini sorğu-suala tutublar.
Sorğu-sual zamanı uşaqdan silahın növünü, müəllimin yaxşı ya pis olmasını öyrənməyə çalışmaq nə dərəcədə düzgündür?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, belə hallarda uşaqlardan hadisə detallarını və müəllim haqqında qiymətləndirmələri soruşmaq həm etik, həm də psixoloji baxımdan düzgün deyil:
“Bu cür həssas hadisələrdə media nümayəndələrinin məlumat toplamaq istəyi anlaşılandır, çünki cəmiyyət baş verənləri öyrənmək istəyir. Lakin burada əsas məsələ odur ki, söhbət azyaşlı və psixoloji cəhətdən həssas bir qrupdan – məktəblilərdən gedir. Xüsusilə də hadisənin baş verdiyi gün, şagirdlər şok, qorxu və panika içində ola bilərlər. Belə bir vəziyyətdə onları kameralar qarşısında sual atəşinə tutmaq nə etik, nə də pedaqoji baxımdan doğru yanaşmadır. Uşaqlardan silahın növünü soruşmaq, hadisənin detallarını danışdırmaq və ya müəllim haqqında “yaxşı müəllim idi, pis müəllim idi?” kimi suallar vermək bir neçə baxımdan təhlükəlidir:
Birincisi, uşaq hadisəni tam düzgün dəyərləndirə bilmir və emosional vəziyyətdə yanlış məlumat verə bilər. Bu isə həm ictimaiyyətdə yanlış təsəvvür yaradır, həm də istintaq prosesinə dolayı yolla zərər verə bilər.
İkincisi, uşağın müəllim haqqında verdiyi qiymət ictimai qınağa çevrilə bilər və həmin uşaq sonradan məktəbdə, cəmiyyətdə və sosial mediada ciddi psixoloji təzyiqə məruz qala bilər.
Üçüncüsü isə, bu cür suallar uşağın travmasını daha da dərinləşdirir, çünki o, hadisəni yenidən yaşayır və qorxunu yenidən hiss edir.
Ən narahatedici məqam isə şagirdlərin üzlərinin gizlədilmədən mediada yayımlanmasıdır. Bu, uşağın hüquqlarının pozulmasıdır və gələcəkdə həmin şagirdin psixoloji vəziyyətinə, sosial münasibətlərinə və ümumi həyatına mənfi təsir göstərə bilər. Uşaq jurnalist qarşısında danışdığı anda bunun gələcək nəticələrini dərk etmir, amma həmin görüntü internetdə illərlə qalır və uşağı bir ömür izləyə bilər”.
Təhsil eksperti onu da qeyd edib ki, bu cür hadisələrdə media uşaqların hüquqlarını qorumalı və yalnız rəsmi mənbələrə əsasən məlumatlar paylaşmalıdır:
“Bu tip hadisələrdə media daha çox rəsmi mənbələrə, hüquq-mühafizə orqanlarının açıqlamalarına və təhsil müəssisəsinin rəsmi mövqeyinə istinad etməlidir. Uşaqların emosional vəziyyətindən “sensasiya” çıxarmaq cəmiyyətə informasiya vermək yox, psixoloji risk yaratmaqdır. Xüsusilə də məktəb mühiti artıq gərgin olduğu bir vaxtda, uşaqların kameralar qarşısında sorğu-sual edilməsi həm etik deyil, həm də sosial məsuliyyət baxımından doğru addım hesab oluna bilməz. Bu gün bizə daha çox soyuqqanlı, məsuliyyətli və uşaqların hüquqlarını qoruyan yanaşma lazımdır. Çünki belə hadisələrdə əsas məqsəd sensasiya yaratmaq yox, həm şagirdlərin təhlükəsizliyini, həm də onların psixoloji sağlamlığını qorumaq olmalıdır”.
Cəmilə Cəfərzadə






