media-photo-output

Son günlər uşaqların heyvanlarla davranışı valideynlər və psixoloqların diqqətini çəkir. Uşaqların heyvanlara qarşı diqqət və qayğı göstərməsi empatiya və məsuliyyət bacarıqlarını gücləndirir, zorakılıq isə emosional inkişafda çatışmazlıqların əlaməti ola bilər.

Bəs bu davranışların formalaşmasının əsas səbəbləri nələrdir? Bu prosesdə ailənin rolu və tərbiyə faktorları nə dərəcədə önəmlidir?

Bu barədə psixoloq Gülər Məmmədova Patrul.az-a açıqlamasında bildirib ki, uşaqların heyvanlara münasibəti ailə tərbiyəsinin və sevgisinin göstəricisidir:

“Uşağın həyatda göstərdiyi bütün davranışlar əsasən valideynlərdən aldığı tərbiyədən asılıdır. Uşaqların sevgi dolu olması, ilk növbədə, özlərinə, daha sonra isə heyvanlara olan münasibətlərində əks olunur. Bu, onların xarakterinin formalaşması deməkdir. Sağlam xarakterə malik insanlar canlı aləmə — heyvanlara və bitkilərə fərdi və diqqətli münasibət göstərirlər. Uşaqların heyvanları sevməsi onların mərhəmətinin göstəricisidir. Lakin bəzi ailələrdə aqressiya, çılğınlıq və impulsivlik hökm sürdüyü üçün uşaqların davranışlarına da təsir edir. Nəticədə uşaqlar bəzən özlərindən zəif olanlara qarşı aqressiv olurlar. Daxilində konflikt yaşayan uşaqlar isə heyvanlara diqqət, qayğı və sevgi göstərə bilmir, sanki özlərinə qarşı olan münasibətin əvəzini çıxmağa çalışırlar.”

Psixoloq bildirib ki, uşaqların heyvanlarla davranışı onların daxili aləmini, tərbiyəsini və emosional vəziyyətini göstərir. Bu davranışlar düzgün yönləndirilməsə, gələcəkdə sosial risk yarada bilər:

“Bəzən uşaqlara həyat dərsləri düzgün öyrədilmir. Uşaq tərbiyəsinin ilkin əsası ailədən başlayır. İnsan şəxsiyyət kimi formalaşdığı və ictimai əlaqələri genişləndirdiyi dövrdə xarakter artıq müəyyənləşmiş olur. 11–12 yaşından etibarən xarakter əsasən oturuşmuş hesab edilir. Lakin azyaşlı uşaqlarda aqressiv və ya narahatlıq doğuran davranışlar müşahidə olunursa, bu, artıq ciddi şəkildə yanaşılmalı olan davranış pozuntusuna işarədir. Heyvanlara aqressiv davranış göstərən uşaqlar böyüdükdə insanlara qarşı da fiziki və psixoloji zorakılığa yol aça bilərlər. Buna görə uşağın daxili aləmini anlamaq, ona həyatı sevdirmək, canlı aləmə hörmət və sevgi aşılamq üçün məqsədyönlü tədbirlər görülməlidir. Ailə və müəllimlərin verdiyi təbliğat böyük rol oynayır, çünki hər uşaq açıq ürəklə eşitmək istəyir. Təbiətin bizə verdiyi mesaj odur ki, insan sevgi alıb sevgi ötürsün. Əgər uşaq bu sevgini düzgün formada ala bilmirsə, onu ötürməkdə də çətinlik çəkir. Buna görə valideynlər vəziyyəti ciddi qəbul etməli, gələcəkdə sağlam və mənəvi keyfiyyətlərə malik insanlar yetişdirmək üçün məsuliyyət göstərməlidirlər. Əks halda bu, cəmiyyət üçün böyük təhlükə yarada bilər.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər