Uşaqların müdafiəsi üçün birləşən dünya: 20 noyabrın əhəmiyyəti
20 noyabr dünyanın hər yerində uşaqların hüquqlarını xatırladan, onların təhlükəsiz, sağlam və azad gələcəyi üçün çağırış edən xüsusi gündür.
Patrul.az bu günün mahiyyətini sizə təqdim edir:
1989-cu ilin məhz bu günü BMT Baş Assambleyası “Uşaq hüquqları haqqında konvensiya”nı qəbul edib. Bu sənəd bütün uşaqların təhsil, sağlamlıq, təhlükəsizlik, sevgi və qayğı ilə böyümək kimi fundamental hüquqlarını beynəlxalq səviyyədə tanıyan ilk qlobal müqavilə olub.
Konvensiya bu gün 190-dan çox dövlət tərəfindən qəbul edilib və dünyanın ən çox ratifikasiya olunan insan hüquqları sənədlərindən biridir. Bu isə uşaq hüquqlarının yalnız milli qanunlarla deyil, həm də beynəlxalq öhdəliklərlə qorunduğunu göstərir.
Azərbaycan bu prosesə 1992-ci ildə qoşulub. Parlamentin “Uşaq hüquqları haqqında konvensiya”nı ratifikasiya etməsi ölkənin uşaqların müdafiəsi ilə bağlı beynəlxalq prinsipləri qəbul etdiyini və onların rifahını dövlət siyasətinin ayrılmaz hissəsi elan etdiyini təsdiqləyib.
Düz 20 il sonra, 2009-cu ilin yenə 20 noyabr tarixində BMT üzv dövlətləri “Uşaq Hüquqları Müqaviləsi”ni imzalayıb. Bu addım uşaqların müdafiəsinə yönəlmiş qlobal səylərin daha da gücləndirilməsi, onların psixoloji, sosial və fiziki inkişafını təmin edən sistemlərin möhkəmləndirilməsi demək idi.
Bu gün sadəcə təqvimdə bir tarix deyil — cəmiyyətə xatırlatmadır ki, uşaqların hüquqları daim diqqət mərkəzində olmalıdır. Onların səsi bəzən zəif çıxa bilər, amma onları qorumaq hər birimizin borcudur.
Ləman Sərraf






