Vaşinqtonda ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında TARİXİ SÜLH BƏYANNAMƏSİ İMZALANDI
Avqustun 9-da ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş nəticəsində Sülh Bəyannaməsi imzalandı.
Patrulaz.az xəbər verir ki, görüşdən əvvəl Trampla Paşinyan arasında 20 dəqiqəlik qapalı görüş keçirilib.

Daha sonra Prezident İlham Əliyev Ağ Evdə qarşılanıb. Jurnalistlərdən birinin Trampa “Görüşdən sonra sülhə ümid varmı?” sualına ABŞ Prezidenti “Çox-çox ümidliyəm” cavabını verib. Əliyev və Tramp arasında səmimi və dostyana görüntülər diqqət çəkib.

Ardınca liderlər Oval Ofisdə alqışlarla qarşılanıb.

Görüş zamanı Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Prezident Tramp görüş zamanı bildirib:
“Azərbaycan və Ermənistan 35 il döyüşüb, indi dost oldular”.
Əldə olunan razılaşmalardan biri də Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin 99 il müddətinə ABŞ şirkətinə verilməsi ilə bağlı olub.
Tramp həmçinin ABŞ Konqresinin vaxtilə qəbul etdiyi və Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin dondurulduğunu elan edib. ABŞ Prezidenti əlavə edib ki, Amerika şirkətləri Azərbaycan və Ermənistanda genişmiqyaslı infrastruktur layihələrinə sərmayə yatırmağa hazırdır.
Prezident İlham Əliyev görüşlə bağlı fikirlərini belə ifadə edib:
“Bu tarixi görüşdür. Biz ABŞ ilə strateji əməkdaşlıq yoluna başlayırıq. Prezident Trampa təşəkkür edirəm. Bu gün 1992-ci ildə qoyulan qadağalar aradan qaldırıldı. Bu günü yaddaşımıza həkk edəcəyik. Biz bu gün fikir mübadiləsi apardıq”,- deyə ölkə başçımız bildirib.
Görüş çərçivəsində Donald Trampla İlham Əliyev arasında səmimi və maraqlı dialoq da keçib. Belə ki, Donald Tramp Əliyevə “Nə vaxtdan bəri liderlik vəzifəsindəsiniz?”, sualını verib. İlham Əliyev isə cavabında “22 ildir”, deyib. Bundan sonra Tramp “Bu o deməkdir ki, o, sərt və ağıllıdır”, ifadəsini işlədib.
Görüş zamanı Tramp ABŞ və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məhdudiyyətlərinin də aradan qaldırıldığını bildirib.
Yekunda nəhayət tərəflər arasında tarixi bəyannamə imzalandı və İlham Əliyevlə Paşinyan əl sıxdılar.

Görüş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxış edib:
“Məncə, Tramp Nobel Sülh Mükafatını almağı haqq edir. Biz onun namizədliyini dəstəkləyəcəyik”.
Prezident İlham Əliyev isə Paşinyanın bu fikirlərinə dəstək verib:
“Bu mövzuda baş nazir Paşinyanla həmfikirəm. Biz komitəyə müraciət edib Trampın namizədliyini dəstəkləyəcəyik”.






